
Azərbaycan Mərkəzi Bankı “Öz müştərini tanı” (KYC) prinsipinin effektiv tətbiqi məqsədilə “e-KYC” platformasının konsepsiyasını hazırlayıb və platforma ilə bağlı texniki məsələlərin icrasına başlanıb.
Bu məlumat Azərbaycan Mərkəzi Bankı-na istinadən açıqlanıb.
Məlumata görə, qurumun “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində “Açıq bankçılıq yanaşmasının tətbiqinin sürətləndirilməsi” və “Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi” tədbirləri üzrə işlər davam etdirilib.
Açıq bankçılıq ekosisteminin inkişafı mərhələli şəkildə həyata keçirilib. Hesab üzrə məlumat xidməti üçün kommersiya banklarının mərkəzləşdirilmiş infrastrukturla inteqrasiyası tamamlanıb, ödəniş əməliyyatlarının aparılması xidməti üzrə isə daxili proqram təminatı və texniki spesifikasiya hazırlanıb.
Bundan əlavə, açıq maliyyə üzrə konsepsiyanın təsdiq edilməsi və konsepsiyaya uyğun hüquqi-normativ bazanın formalaşdırılması istiqamətində işlər davam etdirilir.




