
Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb.
BBN.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatında bildirilir.
Məlumata əsasən, ölkə sabit genişzolaqlı internetin orta sürətinə (89,88 Mbps) görə dekabr ayı ilə müqayisədə 5 pillə irəliləyərək 152 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Ötən ay bir il əvvəlki göstərici (66,83 Mbps) ilə müqayisədə orta sürət 34,5 % artıb.
Azərbaycan bu göstərici ilə Türkiyə (75,34 Mbps), İran (22,05 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (81,21 Mbps), Qazaxıstan (87,17 Mbps), Qırğızıstan (85,41 Mbps) və Tacikistannı (39,59 Mbps) geridə qoyub.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (416,10 Mbps), sonuncu yeri isə Kuba (3,85 Mbps) tutub.
Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 92,63 Mbps nəticə ilə 103 ölkə arasında 52-ci olub. Bu kateqoriyada birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (686,12 Mbps), sonuncu yeri isə Boliviya (15,84 Mbps) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 201 şəhər arasında 89,29 Mbps sürətlə 115-ci yerdə qərarlaşıb. Şəhərlərin sabit genişzolaqlı internet reytinqinə Əbu-Dabi (437,14 Mbps) başçılıq edib. Sonuncu pillədə isə Hələb (2,97 Mbps) yer alıb.
Azərbaycan paytaxtı mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə geriləyərək 111,16 Mbps nəticə ilə 151 şəhər arasında 82-ci olub. Şəhərlər arasında mobil internet üzrə birinci yeri Əbu-Dabi (810,62 Mbps), sonuncu yeri isə La Pas (13,67 Mbps) tutub.





