
Azərbaycanda İslam maliyyə sisteminin əsas alətlərindən biri olan sukuk istiqrazlarının tətbiqi üçün hüquqi və tənzimləyici çərçivə formalaşdırılır. Layihə Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) İslam maliyyəsi üzrə qrantı hesabına həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanda sukuk və digər İslam maliyyə məhsullarının buraxılışını tənzimləyən qanunvericilik bazası hazırlanacaq, risklərin idarə olunması üzrə institutların potensialı gücləndiriləcək, monitorinq mexanizmi qurulacaq və yekunda ölkənin ilk sukuk emissiyası həyata keçiriləcək.
Bununla yanaşı, Azərbaycanın kapital bazarının hazırkı vəziyyəti qiymətləndiriləcək, Malayziya, İndoneziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin təcrübəsi əsasında benchmark araşdırması aparılacaq. Layihənin icrası 15 ay müddətində həyata keçiriləcək.
Mərkəzi Bankdan bildirilib ki, bu təşəbbüs İslam istiqrazlarının tətbiqi ilə kapital axınını artıracaq, investor bazasını genişləndirəcək və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaradacaq.
İslam maliyyə sisteminin mahiyyəti
İslam maliyyə sistemini ənənəvi maliyyə modelindən fərqləndirən əsas cəhət faizin (riba) qadağan olunmasıdır. Bu sistemdə gəlirlər faiz deyil, mənfəət marjası və ya icarə haqqı formasında formalaşır. Şəriət qanunlarına əsaslanan bu model yalnız real aktivlərə və istehsala sərmayə qoymağa icazə verir, spekulyasiyaları isə qadağan edir.
İslam maliyyəsi çərçivəsində qeyri-halal mallar, tütün və alkoqol məhsulları, silahlar və qumar fəaliyyəti kimi sahələrə sərmayə qoymaq qadağandır. Əməliyyatların şəffaflığı və risklərin paylaşılması isə sistemin əsas prinsiplərindəndir.
Dünyada İslam maliyyəsinin inkişafı
İslam maliyyə bazarları hazırda Malayziya, İran, BƏƏ, Türkiyə, ABŞ, Bəhreyn, Qatar və Böyük Britaniya kimi ölkələrdə geniş inkişaf edib. Rusiya da 2023-cü ildən dörd regionda İslam maliyyələşdirməsi üzrə pilot layihəyə başlayıb və layihənin genişləndirilməsi qərara alınıb.
Sukuk — faizsiz istiqraz alternativi
Sukuk İslam maliyyəsinə uyğun olaraq sabit gəlirli ənənəvi istiqrazlara alternativ maliyyə alətidir. İnvestorlar bu sertifikatlar vasitəsilə müəyyən aktivdən əldə edilən gəlirdə pay sahibi olurlar. Gəlir faiz formasında deyil, aktivdən əldə edilən mənfəət və ya icarə haqqı şəklində ödənilir.
Sukukun əsas növlərinə mudarabah, muşarakah, icara, murabaha, salam və istisna sukukları daxildir. Bu alətlər vasitəsilə dünyanın müxtəlif ölkələrində nəhəng infrastruktur layihələri maliyyələşdirilir. Qlobal sukuk bazarının həcmi 2021-ci ildə 775 milyard dolları keçib və son illərdə 1 trilyon dolları ötüb.
Ekspert rəyləri
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, Azərbaycanın İslam maliyyə alətlərinin tətbiqində gecikməsi bu sahədə mövcud potensialın tam istifadə olunmamasına səbəb olub:
“Müsəlman əhalisi olan ölkədə İslam qaydaları ilə investisiya etmək istəyən kifayət qədər şəxs var. İndiyədək bu vəsaitlər şəffaf dövriyyəyə daxil olmayıb. İslam maliyyə alətləri, xüsusilə sukuk bu boşluğu aradan qaldıra bilər və böyük investisiyaları ölkəyə cəlb etmək üçün şərait yaradar.”
İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, sukuk dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi üçün effektiv vasitə ola bilər:
“Sukukda investor aktivin gəlirlərinə bağlıdır. Bu, enerji, yol və sənaye parkları kimi sahələrdə uzunmüddətli layihələrin icrasına imkan yaradacaq. Ərəb ölkələrinin bu sahədə təcrübəsi böyükdür və bu, Azərbaycana yeni investor axını gətirə bilər.”
İslam maliyyəsinin tətbiqi Azərbaycanın maliyyə bazarına yeni investisiya imkanları açmaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də töhfə verəcək.







