
Azərbaycanda katastrofik risklərin modelləşdirilməsi artıq test rejimində həyata keçirilməyə başlanılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin “Sığortalı Dost” verilişində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, yeni mexanizm sığortaçılara sığortalanmış əmlaklar üzrə ölkədə mövcud olan müxtəlif katastrofik riskləri, xüsusilə də zəlzələlər zamanı sığortalı obyektlərə dəyə biləcək potensial zərərləri əvvəlcədən qiymətləndirməyə imkan verəcək.
V. Qurbanov bildirib ki, bu imkan dövlət üçün də yaradılıb və test mərhələsi başa çatdıqdan sonra sistem həm dövlət qurumlarına, həm də sığorta sektoruna təqdim ediləcək.
AMB-nin baş direktorunun sözlərinə görə, nəticədə hər hansı zərər baş verməmişdən əvvəl dövlət sığortalanmalı olan və ya zəlzələ nəticəsində zərər görməsi ehtimal edilən məbləğləri əvvəlcədən proqnozlaşdıra biləcək. Bu isə risklərin idarə olunması məqsədilə qabaqlayıcı müdafiə mexanizmlərindən istifadəyə şərait yaradacaq. Eyni zamanda sığorta şirkətləri əhali və biznes üçün katastrofik risklərdən irəli gələn mümkün maliyyə yüklərini öz üzərinə götürə biləcək, sığortalılar isə bu riskləri sığortaçılara ötürmək imkanı qazanacaqlar.
V. Qurbanov əlavə edib ki, bu istiqamətdə genişmiqyaslı layihə icra olunur. Belə ki, daşınmaz əmlakın icbari sığortası üzrə yaşayış sahələri və mənzillərlə bağlı dəyişiklikləri nəzərdə tutan layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib.
AMB rəsmisi vurğulayıb ki, bu sahədə yalnız sığortalama prosesi deyil, eyni zamanda hadisə baş verdiyi anda zərərlərin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hər hansı katastrofik risk baş verdikdə zərər tənzimlənməsi çevik, operativ və şəffaf şəkildə həyata keçirilməlidir.







