
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin iyun ayında ölkədə nağdsız ödənişlərin ümumi həcmi 8 milyard 438,7 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,3 % artım deməkdir.
BBN.az xəbər verir ki, bu məbləğin əsas hissəsi – 7 milyard 375 milyon manatı (87,4 %-i) elektron ticarət əməliyyatlarının payına düşüb. Nağdsız ödənişlərin 1 milyard 058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə reallaşdırılıb.
Cari ilin əvvəlindən etibarən ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatlar, ümumi kart əməliyyatlarının 67,1 %-ni təşkil edib.
2025-ci il iyulun 1-nə olan statistikaya əsasən, ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon 642 min ədədə yüksəlib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,9 %, ilin əvvəlindən 3,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,1 % artım nümayiş etdirib.
Son bir ildə debet kartlarının sayı 17,1 % artaraq 18,524 milyona çatdığı halda, kredit kartlarının sayı 6,9 % azalaraq 2,118 milyon təşkil edib. İyun ayında bu kartlar üzrə dövriyyə müvafiq olaraq 12,144 milyard manat (32,6 % artım) və 800 milyon manat (19,6 % artım) olub.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,9 % artaraq 3 440 ədədə (Bakı şəhərində 1 848 ədəd), POS-terminalların sayı isə 43 % artaraq 139 758 ədədə (Bakı üzrə 85 630 ədəd) çatıb.
Hazırda beynəlxalq ödəniş sistemləri arasında üç əsas kateqoriya mövcuddur: kart ödəniş sistemləri, elektron ödəniş sistemləri və universal ödəniş platformaları. Dünyada geniş istifadə olunan beş aparıcı kart ödəniş sistemi — “Visa International”, “MasterCard International”, “American Express”, “Diners Club International” və “JCB Card” — artıq Azərbaycan bank sektoru ilə də aktiv əməkdaşlıq edir.





