
11 fevral 2026-cı ildə İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib.
Dövlət başçısının Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın fəaliyyəti bu istiqamətdə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini təmin etməklə innovasiya əsaslı iqtisadi modelə keçidi sürətləndirməyi hədəfləyir.
Eyni zamanda, müşavirədə “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Sənəd qarşıdakı üç ildə ölkənin texnoloji transformasiyasını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir. Əsas məqsədlər sırasında:
-
Dövlət idarəetməsinin optimallaşdırılması
-
Beynəlxalq reytinqlərdə mövqelərin yüksəldilməsi
-
Rəqəmsal sektorun ÜDM-də payının artırılması
yer alır.
İnstitusional məsuliyyət və vahid idarəetmə mexanizmi
Fəaliyyət Planı çərçivəsində hər bir dövlət qurumunda rəhbər müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyə cavabdeh şəxsin təyin edilməsi qərara alınıb.
Bundan əlavə, dövlət qurumlarının rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizmi yaradılacaq. Bu, investisiyaların effektivliyini artırmalı və bütün rəqəmsal layihələrin vahid arxitekturaya uyğunluğunu təmin etməlidir.
Dövlət xidmətlərində vahid ekosistem
Əsas yeniliklərdən biri dövlət xidmətlərinin mərkəzləşdirilməsidir. Bütün rəqəmsal xidmətlər və sənədlər yalnız:
-
mygov
-
mygov Biznes
platformaları vasitəsilə təqdim olunacaq.
Ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqləri ləğv edilərək vahid ekosistemdə birləşdiriləcək.
Plan həmçinin proaktiv xidmət modelinə keçidi nəzərdə tutur. Bəzi xidmətlər vətəndaşın müraciəti olmadan avtomatik təqdim ediləcək. “Yalnız bir dəfə” prinsipi təkrar sənəd tələblərini aradan qaldıracaq.
“Dövlət məlumat hövzəsi”nin yaradılması isə informasiya resurslarının inteqrasiyasını və məlumatların dürüstlüyünü təmin edəcək.
İnnovasiya və İKT ixracı
İnnovasiya ekosisteminin gücləndirilməsi üçün:
-
Vençur maliyyələşdirilməsi və kraudfandinq mexanizmlərinin hüquqi bazası formalaşdırılacaq
-
“Mələk investorlar” institutu inkişaf etdiriləcək
-
“Fondlar Fondu” yaradılacaq
-
Dövlət satınalmalarında yerli innovativ məhsullara üstünlük veriləcək
-
Açıq məlumatlar API-lər vasitəsilə biznes və startaplara açıq olacaq
Qlobal istedadların cəlbi məqsədilə “rəqəmsal səyyah” və “rəqəmsal istedad” vizalarının tətbiqi, eləcə də frilanserlər üçün vergi güzəştləri nəzərdə tutulur.
Süni intellekt və yüksəksəviyyəli hesablama
Plan süni intellekt əsaslı həllərin dövlət idarəçiliyinə inteqrasiyasını prioritet kimi müəyyənləşdirir.
-
Yüksəksəviyyəli hesablama infrastrukturu qurulacaq
-
24/7 fəaliyyət göstərən virtual köməkçilər tətbiq ediləcək
-
“Tənzimləyici Test Mühiti”ndə sınaqdan keçmiş AI həlləri ölkə miqyasında tətbiq olunacaq
Kibertəhlükəsizlik və “Hökumət buludu”
Milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi çərçivəsində:
-
Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi
-
Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzi
-
Rəqəmsal sahədə ixtisaslaşmış təhqiqat strukturları yaradılacaq.
Bütün dövlət xidmətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası və dövlət informasiya ehtiyatlarının “Hökumət buludu”na keçidinin tamamlanması planlaşdırılır.
Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb. Beləliklə, strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modelində birləşdirilir və ölkənin tam rəqəmsal transformasiyasının yeni mərhələsinə keçid təmin olunur.





