
Azərbaycan üçün süni intellektin həm müsbət, həm də mənfi istifadə halları mövcuddur.
Bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Süni İntellekt layihələri üzrə meneceri Ruslan Zeynalzadə Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda bildirib.
R. Zeynalzadə qeyd edib ki, 10 il əvvəl süni intellektin tətbiq sahələri məhdud olsa da, bu gün vəziyyət tamamilə fərqlidir: “İndi demək olar ki, bütün sahələrdə böyük data mövcuddur. Datanın olduğu hər bir sahədə – təhsil, səhiyyə, logistika və mediada süni intellekt rahatlıqla tətbiq olunur”.
Onun sözlərinə görə, süni intellekt ondan istifadə edən şəxsdən asılı olaraq həm müsbət, həm də mənfi rol oynaya bilər: “Məsələn, kibertəhlükəsizlik sahəsində süni intellekt banklarda saniyələr ərzində milyonlarla tranzaksiyanı təhlil edir və hər hansı anomaliya aşkar edildikdə komanda məlumatlandırılır. Lakin eyni süni intellekt dələduzlar tərəfindən platformalardakı boşluqları tapmaq üçün də istifadə olunur”.
R. Zeynalzadə əlavə edib ki, universitetlərdə və bir çox təhsil müəssisələrində süni intellekt tələbələrin dərsləri daha yaxşı qavraması üçün tətbiq edilir: “Amma eyni zamanda tələbələr imtahan suallarının cavablandırılması və ya imtahanın birbaşa süni intellekt tərəfindən yerinə yetirilməsi üçün də bu texnologiyadan yararlanırlar. Bu da süni intellektin həm müsbət, həm də mənfi istifadə halları və təsirlərinin mövcud olduğunu göstərir”.




