
2025-ci ildə Azərbaycanda Vergi ombudsmanı 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqlarını bərpa edib.
Məlumata görə, Vergi ombudsmanı xidməti vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasını təmin etmək, şikayət və müraciətlərin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq və qarşılıqlı münasibətləri əməkdaşlıq formatında tənzimləmək üçün müxtəlif tədbirlər həyata keçirir. Ötən il 9, 13 və 14 saylı Ərazi Vergilər İdarələri və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində 370-dən artıq vergi ödəyicisi ilə görüşlər keçirilib.
İl ərzində aparılan qiymətləndirmə və təhlillər nəticəsində 5 istiqamət üzrə şikayətləri yaradan səbəblər müəyyən edilib, 8 iş prosesi üzrə monitorinq aparılıb və tövsiyələr hazırlanıb.
Əvvəlki ildən davam edən 4 müraciət də nəzərə alınmaqla, 2025-ci il ərzində ümumilikdə 179 müraciət araşdırılıb. Nəticələr belə olub: 100 müraciət üzrə tövsiyəyə ehtiyac yaranmayıb, 72 halda hüquq pozuntusu aşkar edilməyib, 16 halda məsələ araşdırma müddətində aradan qalxıb, 12 müraciət üzrə izah verilib. Hüquq pozuntusu müəyyən edilən 76 müraciət üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib, dövrün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib. Aparılan tədbirlər nəticəsində 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib.
Vergi ombudsmanı xidməti beynəlxalq təcrübənin öyrənilməsi, fəaliyyətin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işlərini davam etdirir.




