Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda sayca ikinci dəfə “Sığorta Festivalı” təşkil olunacaq.
Bu barədə təşkilatçı qurumların birgə yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də ölkəmizdə ikinci dəfə keçiriləcək “Sığorta Festivalı” layihəsidir.
Məlumata görə, festival 17 avqust – 7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində təşkil olunacaq. Festivala 17 avqust tarixdə Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start veriləcək. Festival ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust İsmayıllı, 31 avqust Mingəçevir və 7 sentyabr Gəncə şəhərlərində baş tutacaq.
Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.