Oktyabrın 2-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Minsk-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.
BBN.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə aviaşirkətin təyyarəsi Minsk Milli Hava Limanında iki ölkə arasında hava əlaqəsində yeni mərhələnin başlanğıcını simvolizə edən ənənəvi su tağı ilə təntənəli şəkildə qarşılanıb.
Tədbirdə AZAL-ın nümayəndələri, Azərbaycanın Belarusdakı səfiri, Azərbaycan diasporunun nümayəndələri və Minsk aeroportunun rəhbərliyi iştirak ediblər.
Yeni marşrut sərnişinlərin iki paytaxt arasında rahat gediş-gəlişi üçün geniş imkanlar açır. Bu istiqamətdə üzrə uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək ki, bu da turistlər və biznes tərəfdaşları üçün əlavə perspektivlər yaradacaq.
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür. Aviabiletləri, həmçinin aviaşirkətin mobil tətbiqində və akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.