Dünya neft bazarında Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alınıb.
BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 8,54 ABŞ dolları və ya 8,49% yüksələrək 109,1 dollara çatıb.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti isə 104,92 ABŞ dolları təşkil edib.
Azərbaycan neftinin Türkiyənin Ceyhan limanında FOB bazasında bir barelinin qiyməti də artıb. Belə ki, “Azeri Light”ın bu formatda qiyməti 8,49 dollar və ya 8,78% yüksələrək 105,18 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Tarixi göstəricilərə görə, “Azeri Light” neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.