
2025-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC ümumi dəyəri 888,2 milyon manat olan 6 210 investisiya layihəsinə 412,5 milyon manat güzəştli kredit ayırıb.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.
Sənədə əsasən, 2024-cü illə müqayisədə investisiya layihələrinin sayı 8,5 %, verilmiş güzəştli kreditlərin məbləği isə 66,2 % artıb. Ötən il ayrılan kreditlər hesabına 5 662 yeni iş yerinin yaradılması imkanı yaranıb.
Verilmiş güzəştli kreditlərin 38,5 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 61,5 %-i isə müxtəlif sənaye məhsullarının istehsalı və emalı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrin inkişafına yönəldilib. Kreditlərin 76,4 %-i regionların, 23,6 %-i isə Bakı şəhəri və ətraf qəsəbələrin payına düşüb.
Hesabatda qeyd olunub ki, il ərzində Fondun investisiya portfelində olan 27 layihənin nizamnamə kapitalına qoyulan investisiyalar nəticəsində Azərbaycan iqtisadiyyatına ümumilikdə 20 milyard manat investisiya yatırılıb.
Bundan başqa, Fondun 14 beynəlxalq tərəfdaşla əməkdaşlığı çərçivəsində indiyə qədər 388 milyon manat birbaşa xarici investisiya və 262 milyon manat xarici kredit cəlb olunub.
Ötən il Fond paylı investisiya qoyuluşları üzrə ümumilikdə 3 yeni layihəni təsdiqləyib.




