
Bu ilin mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub.
Məlumata görə, bu göstərici fevralın 1-i ilə müqayisədə 0,8% artıb. Xatırladaq ki, cari ilin fevral ayının əvvəlinə vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat olub.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, problemli kreditlərin həcmi artsa da, onların ümumi kredit portfelində payı aşağı səviyyədə qalır və 3%-dən aşağıdır.
Onun sözlərinə görə, son 12 ayda bu göstərici 2,5-2,8% intervalında dəyişib. Biznes kreditlərində problemli kreditlərin payı 3%, istehlak kreditlərində 3,3%, ipoteka kreditlərində isə 0,7% təşkil edir.
İqtisadçı qeyd edib ki, problemli kreditlərin məbləğinin artması arzuolunan hal olmasa da, hazırkı vəziyyət narahatedici deyil. Bu artımın əsas səbəbləri kimi inflyasiya, əhalinin nominal gəlirlərinin artım tempinin aşağı olması (təxminən 1,4%), eləcə də son illərdə kredit faiz dərəcələrinin 25-30% artması göstərilir.
X. Kərimli əlavə edib ki, ümumi kredit portfelində 15-18% artım müşahidə olunduğuna görə verilən kreditlərin həcmi də yüksəlir və bu, problemli kreditlərin məbləğinin artmasına təsir göstərir.




