
Qonşu ölkələrdə bank sektorunun dövlət dəstəyi ilə saxlanılan “zombi-banklar” problemi davam etdiyi bir vaxtda, Azərbaycan maliyyə sektorunda köklü islahatları başa çatdıraraq region üçün dayanıqlılıq modeli formalaşdırıb. Finratings.kz-nin 1news.az-a istinadən yaydığı məlumata görə, 2026-cı ilin əvvəlinə Cənubi Qafqazın maliyyə mənzərəsi paradoksal nəticə ortaya qoyub.
“Azərbaycan yolu” niyə uğurlu oldu?
Azərbaycan zərərli və qeyri-səmərəli bankların süni şəkildə dəstəklənməsindən imtina edərək onların bazarı tərk etməsinə şərait yaradıb. Nəticədə, 2019-cu ildən 2025-ci ilin noyabr ayınadək ölkədə fəaliyyət göstərən bankların sayı 30-dan 22-yə enib. Gözləntilərin əksinə olaraq, bu proses maliyyə böhranına səbəb olmayıb.
Əsas göstəricilər:
-
Kredit sıçrayışı: Bank sektorunun ümumi kredit portfeli 14,9 milyard manatdan 29,7 milyard manata yüksəlib.
-
Aktivlərin keyfiyyəti: 2025-ci ildə problemli kreditlərin (NPL) payı cəmi 2,5–2,8 faiz təşkil edib.
-
Mənfəətlilik: Bank sektoru 1,06 milyard manat xalis mənfəət əldə edib.
Qonşularla kəskin fərq
Azərbaycanın seçdiyi model regiondakı digər ölkələrlə müqayisədə daha səmərəli olub:
-
Türkiyə: 2023–2024-cü illərdə faiz dərəcələrinə siyasi müdaxilələr səbəbindən təxminən 43 milyard ABŞ dolları həcmində valyuta ehtiyatı itirib.
-
Qazaxıstan: Milyardlarla dövlət vəsaiti yönəldilməsinə baxmayaraq, real sektora kreditləşmənin payı 58 faizdən 17 faizə düşüb.
Beynəlxalq tanınma və proqnozlar
Mərkəzi Bankın sərt pul siyasəti beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilib. 2025-ci ildə Fitch Ratings və Moody’s Investors Service Azərbaycana investisiya səviyyəli reytinqlər – müvafiq olaraq BBB- və Baa3 veriblər.
Məlumata görə, ölkənin ümumi ehtiyatları – Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu (SOFAZ) xətti ilə – 83,5 milyard ABŞ dollarına çatıb. Bu göstərici iqtisadiyyat üçün güclü maliyyə “təhlükəsizlik yastığı” formalaşdırır.
2026-cı ilin yanvarında verdiyi müsahibədə İlham Əliyev bildirib ki, yenilənmiş bank sistemi Azərbaycanın “yaşıl” enerji mərkəzinə çevrilməsi prosesinin maliyyələşdirilməsində mühüm rol oynamağa hazırdır.







