
Bu ilin yanvar-mart aylarında “AzStateNet” şəbəkəsi üzrə 41 milyon 285 min zərərli keçid bloklanıb.
BBN.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.
3 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 49 min, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 31 min 962 zərərverici tərkibli elektron sənəd blok edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 50 % və 20 % azdır.
Hesabat dövründə DDoS hücumlarına qarşı mühafizə çərçivəsində isə 7 013 863 hücum qeydə alınıb. Nəticədə 12 523 934 684 zərərli paket bloklanıb və ümumilikdə 10 226 233 Mbit həcmində zərərli trafikin qarşısı alınıb.
2025-ci ildə “AzStateNet” şəbəkəsi üzrə 449 milyon 385 min zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 6 milyon 205 min 200, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.




