
Azərbaycanda ilk dəfə İslam istiqrazlarının buraxılması üçün hüquqi baza hazırlanır
BBN.az xəbər verir ki, layihə Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və İslam İnkişaf Bankı İnstitutu (IsDBI) tərəfindən İslam maliyyəsi qrantı hesabına həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanda sukuk və digər İslam maliyyə alətlərinin buraxılışını tənzimləyən qanunvericilik bazası formalaşdırılacaq, maliyyə institutlarının risk idarəçiliyi potensialı gücləndiriləcək, həmçinin İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq mexanizmi qurulacaq. Nəticə etibarilə, ölkənin ilk sukuk emissiyasının həyata keçirilməsi planlaşdırılır.
Bundan əlavə, layihə çərçivəsində Azərbaycanın kapital bazarının hazırkı vəziyyəti qiymətləndiriləcək, eləcə də Malayziya, İndoneziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanının təcrübələri əsasında benchmark araşdırması aparılacaq. Daha sonra Milli Sukuk Çərçivəsi, həmçinin Şəriət və korporativ idarəetmə qaydaları hazırlanacaq. Bu tədbirlərin 15 ay ərzində icrası nəzərdə tutulur.
Məlumata görə, bu təşəbbüs Azərbaycanın maliyyə sektorunda ilk dəfə İslam istiqrazlarının tətbiqinə imkan yaradaraq, kapital axınını artıracaq, investor bazasını genişləndirəcək və infrastruktur layihələrinin maliyyələşdirilməsinə dəstək verəcək.







