
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən məlumat verilib.
Məlumata görə, hesabat dövründə sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 23,8 milyon manat və ya 2,4 % artım qeydə alınıb.
Qeyd olunub ki, yanvar-fevral aylarında ölkədə muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi fonunda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % və ya 61,2 milyon manat çoxdur.
Bildirilib ki, sosial sığorta daxilolmaları büdcə təşkilatları üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 milyon manat və ya 1,7 %, qeyri-büdcə təşkilatları üzrə isə 58,6 milyon manat və ya 9 % artıb.




