“Azərkosmos”un təşkilatçılığı ilə artıq ikinci ildir ki, oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən BBN.az-a bildirilib ki, gəncləri kosmik sahəyə həvəsləndirmək, maarifləndirmək və innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin təşkili planlaşdırılır.
Xatırladaq ki, Ümumdünya Kosmos Həftəsi BMT Baş Assambleyasının qərarı ilə 2000-ci ildən oktyabrın 4-dən 10-dək qeyd olunur. 4 oktyabr (1957) Yerin ilk süni peyki “Sputnik-1”in orbitə çıxarıldığı gün, 10 oktyabr (1967) isə “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqavilənin imzalandığı tarixdir.
Builki Kosmos Həftəsinin özəlliyi odur ki, Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi ilə eyni vaxta təsadüf edir. Buna görə Bakı Konqresinə gələn qonaqlar ölkədə təşkil olunan tədbirlərdə fəal iştirak edəcəklər. “Azərkosmos” bu məqsədlə Kosmik Fond, Ümumdünya Kosmos Həftəsi Assosiasiyası, İtaliya Kosmik Agentliyi, “Leanspace” şirkəti, həmçinin yerli qurum – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də universitetlərlə əməkdaşlıq edəcək.
Kosmos Həftəsi ərzində Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə, “Pitch Deck” master-klası, panel müzakirələri, astronavtlar və kosmik sahə mütəxəssisləri ilə görüşlər təşkil olunacaq. Builki Ümumdünya Kosmos Həftəsi “Kosmos və sahibkarlıq” mövzusuna həsr olunub.
Qeyd edək ki, Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub. Ümumdünya Kosmos Həftəsi çərçivəsində dünyanın əksər ölkələrində astronomiya və kosmos elminin təbliğinə dair müxtəlif tədbirlər keçirilir.