Vergilər Nazirliyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin tərtib edilməsi qaydasını və hesabat formasını yeni redaksiyada təsdiq edib. 1 aprel 2020-ci ildən qüvvəyə minəcək yeni qaydalarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində, Bəyannamə Tərtibatı Proqramında müvafiq dəyişikliklərin aparılması tapşırılıb.
Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini Azərbaycan Respublikası ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, eləcə də digər qanunvericilik aktları əsasında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərtib edib vergi orqanına təqdim etməlidirlər.
Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprel, iyul, oktyabr və yanvar aylarının 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.
Bəyannamə tərtibatı ilə bağlı yeni qaydalar ilə buradan tanış ola bilərsiniz.