
27 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) kapital bazarları iştirakçıları üçün “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə investisiya şirkətləri, banklar, hüquq və audit şirkətləri, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, eləcə də müvafiq assosiasiyaların nümayəndələri iştirak ediblər.
Tədbirin açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov kapital bazarlarının dərinləşdirilməsi, bazar infrastrukturunun təkmilləşdirilməsi və iştirakçılar arasında koordinasiyanın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. O bildirib ki, bazarın davamlı inkişafı üçün normativ bazanın yenilənməsi, məlumat əlçatanlığının artırılması və şəffaflığın gücləndirilməsi əsas prioritetlərdəndir.
Tədbir çərçivəsində bir sıra yeniliklər təqdim olunub:
- Bakı Fond Birjasının Listinq bölməsinin rəhbəri Fərhad Mansurov Yeni Listinq Qaydalarını təqdim edərək, dəyişikliklərin əsas məqsədinin emitentlər üçün daha aydın və çevik çərçivə yaratmaq, eyni zamanda investorların maraqlarının qorunmasını təmin etmək olduğunu qeyd edib.
- BFB-nin analitiki Nərmin Bayramlı Birjanın 2025-ci il bülletenini təqdim edərək, bazarın əsas göstəriciləri, dinamikası və inkişaf trendləri barədə ətraflı məlumat verib.
- BFB-nin məlumat analitiki Bahar Rüstəmova isə yeni statistik alət olan interaktiv məlumat panelini iştirakçılara təqdim edib. Qeyd olunub ki, bu alət bazar məlumatlarına daha operativ və vizual şəkildə çıxış imkanı yaradaraq analitik imkanları genişləndirəcək.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, kapital bazarının gələcək inkişaf istiqamətləri və əməkdaşlıq imkanları müzakirə olunub.
Bakı Fond Birjası kapital bazarlarının institusional inkişafını dəstəkləmək və bazar iştirakçıları ilə açıq dialoqu gücləndirmək istiqamətində təşəbbüslərini davam etdirir.





