
Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərin, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması nəzərdə tutulur.
Bu barədə Nazirlər Kabinetinin “Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması haqqında” sərəncamında qeyd olunub.
Sərəncama əsasən, yaradılmış yeni İşçi Qrupuna tapşırılıb ki, sözügedən ərazilərdə konseptual layihələrin həyata keçirilməsi üçün investisiya qoyuluşuna şərait yaradılsın, investisiya müqavilələrinin şərtləri razılaşdırılsın və digər zəruri tədbirlər görülsün.




