Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə növbəti əmək yarmarkası təşkil olunub.
Bakı Regional Məşğulluq filialı və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkil edtiyi yarmarkada 15 müəssisə iştirak edib və 327 vakansiya təqdim edilib.
Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib. Onlar arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər də var.
Bundan başqa aktiv məşğulluq tədbirində Agentliyin Mərkəzi Karyera filialının nümayəndələri tərəfindən müraciət edən şəxslərə karyera məsləhəti xidməti də göstərilib.