İyun ayında Bakıda baş tutacaq aviasiya sənayesinin mühüm tədbirinin astanasında Oxu.az informasiya agentliyi “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri və “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərxan Quliyevlə müsahibə hazırlayıb. Müsahibədə o, Ümumdünya Aeronaviqasiya Sammitinin və CANSO-nun 28 ci İllik Ümumi İclasının əhəmiyyətini təsvir edib, eləcə də bu tədbirlə bağlı olan imkanları və perspektivləri müzakirə edib. Bundan əlavə, aviasiya sahəsinin üzləşdiyi əsas cağırışlar müsahibədə nəzərdən keçirilib.
– Fərxan müəllim, Bakıda CANSO-nun genişmiqyaslı tədbiri keçiriləcək. Tədbir barədə danışmazdan əvvəl gəlin AZANS-ın fəaliyyətini müzakirə edək. Azərbaycanın hava məkanından istifadə olunmasında təşkilat hansı rolu oynayır?
Qeyd etmək istərdim ki, Azərbaycanın hava məkanı bizim dəyərli milli sərvətimizdir. Hava məkanımızdan bir çox ölkə və qitəni birləşdirən, qlobal aviadaşımalara təminat verməklə logistika zəncirinin əsasını təşkil edən onlarla beynəlxalq hava dəhlizləri keçir.
“Azeraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında hava hərəkətinin təşkili, idarə edilməsi və uçuşların təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır.
– Yəni hava məkanı çox mürəkkəb sistemdir?
Birmənalı olaraq. Azərbaycanın hava məkanında hava hərəkətinin təmin edilməsi ümumi uzunluğu təxminən 12 000 kilometr olan hava dəhlizləri vasitəsilə həyata keçirilir. Aeronaviqasiya üzrə məsuliyyət zonamız Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası tərəfindən müəyyən edilmiş təxminən 165 400 kvadrat kilometr olan hava məkanını əhatə edir.
AZANS hava hərəkətinin idarə edilməsinə, ucuş axınlarının idarə olunmasına, uçuşların radiotexniki təminatına, hərbi-mülki koordinasiyaya, hava məkanından istifadə olunması tələblərinə nəzarətə, aeronaviqasiya və meteoroloji məlumatların təmin edilməsinə, qəza-xilasetmə xəbərdarlığına, uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin təmin edilməsində bir çox funksiyalara görə cavabdehdir.
– Son vaxtlar AZANS nəzərəçarpacaq uğurlar əldə etmişdir. Beynəlxalq cəmiyyət HHİ-nin fəaliyyətini necə qiymətləndirir?
2022-ci ildə təltif olduğumuz “Global Safety Achievement Award” mükafatı, ucuşların təhlükəsizliyi sahəsində AZANS-ın ən yüksək dünya standartlarına cavab verdiyinin əyani təsdiqidir. Bu, eyni zamanda, fəaliyyətimizin vacibliyinin və etibarlılığının göstəricisidir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə Azərbaycanın hava məkanının Milli strategiyasının (“National Airspace Strategy”) işlənib hazırlanması da vacib nailiyyətlərdən biridir.
Bu uğurlar sayəsində Bakı genişmiqyaslı aviasiya tədbirlərinin keçirilməsi üçün daha cəlbedici olub. Azərbaycan Avropa ilə Asiya arasında hava dəhlizlərinin kəsişməsində yerləşməklə, qlobal aviasiya daşımalarında əsas rol oynayır. Bu kontekstdə 2040-cı il üçün aviasiya bazarına tələbatın artması proqnozlarının qeyd edilməsi xüsusilə vacibdir. Bununla Çin, Hindistan, Türkiyə, Cənubi-Şərqi Asiya və Yaxın Şərq daha sürətlə inkişaf edən bölgələr olacaqdır.
Qeyd etmək lazımdır ki, AZANS ICAO, EUROCONTROL, CANSO-nun beynəlxalq proqramlarının və işçi qruplarının fəaliyyətində aktiv iştirak edir, habelə ekspertlərimiz bəzi beynəlxalq qruplarda sədr və həmsədrlik edirlər. Həmçinin AZANS-ın təşəbbüsü ilə Avropa ilə Asiya arasında uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə SOCEA – aeronaviqasiya təchizatçılarının koordinasiyası üzrə regional təşkilatın yaradılması üçün 2023-cü ildə Türkiyənin aeronaviqasiya qurumu ilə ilk saziş bağlanmışdır. Bundan sonra bu regional təşkilata Orta Asiya Aeronaviqasiya Xidmətləri qoşuldu.
– Fərxan müəllim, niyə CANSO tədbirinin Bakıda keçirilməsi Azərbaycan üçün bu qədər vacibdir və aviasiya sahəsində beynəlxalq cəmiyyət üçün hansı əhəmiyyəti var?
Bakıda CANSO – Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatının ən vacib tədbirinin keçirilməsi və dünya aviasiyasında etibarlı tərəfdaş kimi ölkənin statusunun təsdiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir aviasiya sahəsində əməkdaşlığın müəyyən edilməsi, əlaqələrin möhkəmləndirilməsi və mülki aviasiya sahəsində Azərbaycanın nailiyyətlərinin tanınması üçün böyük imkanlar yaradır.
Beynəlxalq cəmiyyət üçün bu cür tədbirlər aktual problemlərin müzakirəsi, ən yaxşı təcrübələrin tətbiq edilməsi və innovasiyaların təşviq edilməsi üçün vacib platforma rolunu oynayır. Belə tədbirlər qlobal aviasiya şəbəkəsinin inkişafına töhfə verir, beynəlxalq əməkdaşlığı möhkəmləndirir və aviasiya sahəsindəki standartların daima yaxşılaşdırılmasını təmin edir.
– Qarşıdakı CANSO sammitində əsasən nəyə diqqət yetiriləcək? Hansı mövzular işıqlandırılacaq?
CANSO sammitində aviasiya üçün vacib olan bir sıra mühüm mövzular müzakirə olunacaq. Aviasiyadakı qabaqcıl texnologiyalara, karbon emissiyalarının azaldılması və hava hərəkətinin təkmiləşdirilməsi həllərinə xüsusi diqqət yetiriləcək. Bakıda keciriləcək COP29 ərəfəsində 2050-ci ilə kimi aviasiyanın ətraf mühitə təsirinin azaldılması üçün həll yollarına baxılacaq.
Bundan əlavə, peşəkar kadr ehtiyatının yaradılması və aviasiya sahəsinə artan tələbatın öhdəsindən gəlinməsi, hava hərəkətinin idarə edilməsinin təkmiləşdirilməsi barədə müzakirələrin aparılması planlaşdırılır. Xüsusən də, ekoloji cəhətdən daha təmiz səmanın – yaşıl səmanın təmin edilməsi üçün rəqəmsal texnologiyalardan istifadə meyarları nəzərdən keçiriləcək və vacib yenilikçi qərarlar qəbul olunacaq.
– IATA-nın proqnozlarını nəzərə almaqla, CANSO tədbirinin keçirilməsi Azərbaycanda aviadaşımaların inkişafına necə təsir göstərəcək?
Bakıda CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammitinin və 28-ci İllik Ümumi İclasının keçirilməsinin perspektivlərini nəzərə alaraq, Azərbaycanda aviadaşımaların gələcək inkişafı barəsində IATA-nın proqnozlarına diqqət yetirmək lazımdır. Assosiasiyanın məlumatlarına görə, ölkədə sərnişin aviadaşımalarına tələbatın əhəmiyyətli dərəcədə artması gözlənilir. Qeyd edək ki, Azərbaycanın hava məkanının tranzit ölkə kimi rolu son illərdə artmışdır.
Artıq bu gün hava məkanımızdakı tranzit ucuşlarında yüksək artım müşahidə edirik. 2021-ci ildən etibarən Azərbaycan hava məkanı üzərindən tranzit daşımaların sayı 360% artmışdır. Hazırda Azərbaycanın hava məkanında bir ayda təxminən 18 min tranzit uçuş həyata keçirilir, gün ərzində isə təxminən 900 hava gəmisinə xidmət göstərilir.
AZANS bütün səylərini göstərir ki, Azərbaycan Avropa ilə Asiya arasında mühüm bir bağlayıcı qovşaq olsun. Qeyd edim ki, Azərbaycan ərazisindən keçən Avropa-Asiya hava koridorunun logistikasının inkişafı yüksək beynəlxalq səviyyəyə uyğun inkişaf etdirilməkdədir. IATA-nın proqnozlarına görə, növbəti 20 il ərzində Azərbaycanda sərnişin aviadaşımalarına olan tələbatın 80% yüksəlməsi gözlənilir.
Bu kontekstdə AZANS Avropa-Avrasiya rəqəmsal magistralının yaradılması layihəsi üzərində işləyir. Bu layihə Avropadakı və Bakıdakı mərkəzlər vasitəsilə aeronaviqasiya sahəsində məlumat mübadiləsini təmin edəcək ki, bu da öz növbəsində Avropa ilə Avrasiya bölgəsi arasında aviasiya kommunikasiyalarının rəqəmsallaşma səviyyəsini yüksəldəcək.
AZANS Azərbaycanın Avropa ilə Asiya arasındakı hava axınları üçün mühüm bir bağlayıcı qovşaq olmasının təmin edilməsi üzərində işləyərək ucuş dəhlizləri şəbəkəsini fəal şəkildə inkişaf etdirir, onun səmərəliliyini və ekoloji təhlükəsizliyini yüksəldir. Beləliklə, daha sabit və karbon emissiyalarının qlobal səviyyədə azalmasına səbəb olan ekoloji cəhətdən təmiz aviasiya yaradılır.
– Son illərdə AZANS müasir rəqəmsal texnologiyaların tətbiq edilməsi sahəsində liderdir. Bu barədə ətraflı danışa bilərsiniz?
Son onilliklər ərzində AZANS hava hərəkətinin artan həcminin təhlükəsiz idarəedilməsi üçün genişmiqyaslı modernizasiya işləri aparmış və bir cox layihələr həyata keçirmişdir. AZANS-ın strateji inkişaf hədəfləri aeronaviqasiya təminatının rəqəmsallaşdırılmasına, o cümlədən süni intellektin, müasir peyk, radiolokasiya və naviqasiya komplekslərinin tətbiq edilməsinə, eləcə də idarəetmənin avtomatlaşdırılmasına yönəldilmişdir.
Hava gəmilərinə keyfiyyətli xidmətin təmin edilməsi üçün “Azeraeronaviqasiya” ən yeni rəqəmsal həllər tətbiq edir. “Aireon” kosmik seqmenti vasitəsilə hava gəmilərini qlobal peyk izləmə və müşahidə sisteminin tətbiq edilməsi layihəsi uğurla tamamlanmışdır. Bu sistem “SpaceX Falcon 9” raketləri ilə kosmosa buraxılmış, yer kürəsini 100% siqnallar ilə əhatə edən və məlumatları real zamanda aeronaviqasiya xidməti təminatçılarına ötürməklə, ADS-B ilə təchiz edilmiş “İridium NEXT” peyklərindən istifadə edir. Sistemin Azərbaycanda tətbiq edilməsi yenilikçi texnologiyaların bütün üstünlüklərindən istifadə etməyə imkan verir.
2023-cü ildə hava məkanımızın rəqəmsallaşdırma platformasının tətbiq edilməsi və dinamik idarə edilməsi layihəsi başa çatdırılmışdır ki, bu da aviasiya sahəsində inqilabi dəyişikliklərin nümunəsidir. Bu layihə səmada rəqəmsallaşmanın yeni dövr texnologiyalarına keçid və aviasiya sahəsində yeni uyğunluq, konsolidasiya standartlarını müəyyən edir.
Pilotsuz aviasiya seqmentinin inkişafı ilə bağlı deyə bilərəm ki, “Azeraeronaviqasiya” HHİ ilə mülki pilotsuz aparatların (dronların) ucuşlarına nəzarət mərkəzinin yaradılması layihəsi davam edir. Bunlar AZANS-ın həyata keçirdiyi strateji layihələrin yalnız bir hissəsidir.
– AZANS aviadaşımaların inkişaf perspektivində hansı problemləri və imkanları görür?
AZANS-ın həyata keçirdiyi yeni layihələr aviadaşımaların sayının və xarici aviaşirkətlər tərəfindən aeronaviqasiya xidmətlərinə olan tələbatın artması, eləcə də ICAO Qlobal Aeronaviqasiya Planının tələblərinin yerinə yetirilməsi ilə şərtləndirilmişdir. AZANS regional və qlobal səviyyədə hava məkanının və marşrut şəbəkəsinin inkişafı üzərində işləyir. Məsələn, hazırda Azərbaycandan Çinədək olan hava dəhlizlərinin tətbiq edilməsinə dair danışıqlar aparılır.
Azərbaycanın azad olunmuş əraziləri üzərində beynəlxalq və daxili uçuşlar üçün on illərlə qapalı olan hava məkanının fəal şəkildə bərpasının qeyd edilməsi də xüsusilə vacibdir. Biz bu ərazilər üzərindəki səmanı beynəlxalq mülki aviasiya üçün açırıq, bu da aviadaşımalara olan və artan tələbatın təmin edilməsi üçün imkanlar yaradır.
Biz tələb artımı proqnozunu nəzərə alaraq bölgədə aviadaşımaların inkişafı üçün böyük potensial görürük. Yaranmış vəziyyətdə hava nəqliyyatı koridorlarının bölgədə inkişafı və ölkəmizin hava məkanından tranzit axınının təmin edilməsi qlobal aviadaşımalar zəncirini və sabit inkişaf konsepsiyasını dəstəkləməyə, uçuşların səmərəliliyini yüksəltməyə və ekologiyaya olan təsiri azaltmağa imkan verir.
– Maraqlı söhbətə görə Sizə təşəkkür edirik. AZANS-ın fəaliyyətində və qarşıdan gələn CANSO tədbirində uğurlar arzulayırıq.
Sağ olun. Əminik ki, ölkəmiz bölgədə və dünyada aviadaşımaların inkişafında vacib rol oynamaqda davam edəcək.