Home » Bakıda “Rəqəmsal İqtisadiyyatda Qadın İştirakı” mövzusunda biznes forum keçirilib

Bakıda “Rəqəmsal İqtisadiyyatda Qadın İştirakı” mövzusunda biznes forum keçirilib

by Aytac
0 rəy 0 baxış 2 dəqiqə oxuma

BMT-nin İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə “Smart Qadınlar Smart İcmalar Yaradır” təşəbbüsü çərçivəsində Bakıda “Rəqəmsal İqtisadiyyatda Qadın İştirakı” mövzusunda biznes forum keçirilib. Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) tərəfindən təşkil olunan forum Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə baş tutub. Forumun məqsədi sürətlə rəqəmsallaşan kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların rəqəmsal bacarıqlarının artırılması, fermer qadınların elektron ticarətə çıxışını sürətləndirmək üçün yeni imkanları müzakirə etməkdir.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların ən böyük məşğulluq sahələrindən biri aqrar sektordur. Aqrar sahə bölgələrdə məşğulluğun təmin olunmasında, o cümlədən qadınların gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Son illərdə kənd təsərrüfatında rəqəmsallaşmanın səviyyəsinin artdığını deyən İlhamə Qədimova rəqəmsal texnologiyalardan istifadənin bu sektorda çalışan qadınların məşğulluq səviyyəsinə və gəlirlərinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Azərbaycan hökuməti rəqəmsal savadlılığın təşviqi, rəqəmsal alətlərə çıxışın təmin edilməsi və qadınların rəhbərlik etdiyi kənd təsərrüfatı müəssisələrinin dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslərə start verib. İlhamə Qədimova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, rəqəmsal alətlər və platformalar aqrar sahədə məhsuldarlığı artırmağa, təchizat zəncirinin səmərəliliyini yaxşılaşdırmağa və fermerlərimizin yeni bazarlara çıxışına imkan verir. Nazir müavini qadınları rəqəmsal iqtisadiyyatda fəal iştiraka və rəqəmsal resursların yaratdığı çoxsaylı üstünlüklərdən faydalanmağa çağırıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən silsilə tədbirlərə toxunublar. Qeyd olunub ki, qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən natiqlər ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə danışıblar.

Forumda regionlarda yaşayan, Azərbaycan Kənd Qadınları Assosiasiyası tərəfindən 2022-ci ildən başlanan “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” kampaniyasından faydalanan fermer və sahibkar qadınlar da iştirak edib.

Tədbirdə kənd qadınlarının rəqəmsal bacarıqlarının artırılmasına xidmət edən “Smart Qadınlar Smart İcmalar Yaradır” təşəbbüsü, “Technest” Təqaüd Proqramında iştirak zamanı əldə olunan nəticələr təhlil edilib, forum çərçivəsində təşkil olunan “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi: Çətinliklər, İmkanlar” panelində “Yonca” və “TapAgro” rəqəmsal aqrar platformaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Forumda Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova tərəfindən qadın fermer və sahibkarların uğur hekayələri əsasında hazırlanmış “Azərbaycanın Regionlarından 100 Qadın DİM Lideri” kitabının təqdimatı da keçirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.