Home » Bank of Baku kapital bazarında 40 milyon manatlıq istiqraz emissiyasına start verdi-MÜSAHİBƏ

Bank of Baku kapital bazarında 40 milyon manatlıq istiqraz emissiyasına start verdi-MÜSAHİBƏ

by yunus
0 comments 16 views 3 minutes read

Yeni emissiya maliyyə resurslarının şaxələndirilməsinə, investorlara sabit gəlir imkanı yaradılmasına və Azərbaycanın kapital bazarının inkişafına töhfə verəcək

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev ilə BBN.az-a eksklüziv müsahibə

1.Bank of Baku-nun kapital bazarında 40 milyon manatlıq istiqraz emissiyasını həyata keçirməsinin əsas məqsədi nədir?

Həsən Quliyev: Bu addım, ilk növbədə, ölkə iqtisadiyyatının və kapital bazarının inkişafına töhfə vermək və Bankımızın dayanıqlı inkişaf strategiyasının bir hissəsi olaraq maliyyə resurslarını şaxələndirmək məqsədi daşıyır. Müştərilərimizə yeni investisiya məhsulu təqdim etmək, sərfəli və etibarlı gəlir yolları yaratmaq, investorlara yerli kapital bazarında alternativlər təmin etmək də məqsədlərimiz arasındadır.

2.Bu istiqraz emissiyasının ölkə iqtisadiyyatına və maliyyə bazarına töhfələri barədə nə deyə bilərsiniz?

Həsən Quliyev: Kapital bazarında alternativlərin artması özü ilə inkişaf da gətirir. Belə emissiyalar nəticəsində maliyyə bazarında rəqabətlilik yüksəlir, yatırım imkanları artır və dayanıqlılıq güclənir. Həm yerli, həm də xarici investorlar üçün Azərbaycanın kapital bazarı daha cəlbedici hala gəlir. Bank sektoru baxımından isə bu, gəlir mənbələrinin şaxələnməsi deməkdir. Cəlb olunan vəsaitlər sayəsində KOB-lara yönəldilən kreditləşmə imkanları artır və nəticə etibarilə iqtisadi artım dəstəklənir.

3.Bankın bu istiqraz emissiyasını digər investisiya məhsullarından fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

Həsən Quliyev: İstiqrazlarımız həm fiziki, həm də institusional investorlar üçün nəzərdə tutulub və dövriyyədə rahat şəkildə alınıb-satılacaq. Bank of Baku-nun illərlə formalaşmış etibarlı reputasiyası bu emissiyanı daha da cəlbedici edir. İkinci mühüm fərq sabit gəlirlilikdir – faiz dərəcəsi investorlar üçün stabil və rəqabətədavamlı gəlir imkanı yaradır. Digər mühüm xüsusiyyət isə şəffaflıq və əlçatanlıqdır – emissiya açıq qaydalarla həyata keçirilir, rəqəmsal platforma üzərindən çox rahatlıqla əldə oluna bilir.

4.İstiqrazların müddəti, faiz dərəcələri və digər əsas şərtlər haqqında ətraflı məlumat verə bilərsinizmi?

Həsən Quliyev: Hazırkı emissiya çərçivəsində hər biri 100 AZN nominal dəyərində 400.000 ədəd istiqraz buraxılıb. Ümumi həcmi 40 milyon manatdır, tədavül müddəti isə 18 aydır. İlk 20 milyon manatlıq tranş üzrə illik faiz dərəcəsi 13 % təşkil edir. Faiz ödənişləri rüblük qaydada həyata keçiriləcək.

5.Faiz ödənişlərinin hər 90 gündə bir həyata keçirilməsi investorlar üçün hansı üstünlükləri yaradır?

Həsən Quliyev: Bu, investorların maliyyə planlamasını asanlaşdırır və əldə olunan gəlirin yenidən investisiya olunmasına imkan yaradır. Rüblük ödənişlər həm şəxsi büdcə idarəçiliyini, həm də əlavə gəlirin çevik istifadəsini təmin edir.

6.Bu istiqrazlar kimlər üçün daha uyğun hesab olunur?

Həsən Quliyev: Həm fiziki şəxslər, həm hüquqi şəxslər, həm də peşəkar investorlar üçün əlverişlidir. Fiziki şəxslər üçün bu məhsul depozitlərə əlavə olaraq daha yüksək gəlir mənbəyidir. Hüquqi şəxslər üçün isə gəlir mənbələrinin diversifikasiyası və risklərin balanslaşdırılması baxımından faydalıdır. Əlavə olaraq, fiziki şəxslərin əldə etdiyi gəlirlər vergidən azaddır.

7. İstiqrazların rəqəmsal satış prosesi barədə nə deyə bilərsiniz?

Həsən Quliyev: “ABB Mobile” tətbiqi üzərindən sifariş vermək çox rahatdır. Artıq bank filialına gəlməyə ehtiyac yoxdur – investor sadəcə bir neçə kliklə investisiya edə bilir. Bu, həm şəhərdə, həm də regionlarda yaşayan vətəndaşlar üçün eyni dərəcədə əlçatandır.

8.Bank of Baku-nun gələcək planları nələrdir?

Həsən Quliyev: Hazırkı istiqraz emissiyasını ilk böyük addım kimi qiymətləndiririk. Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik. Məqsədimiz kapital bazarında iştirakımızı davamlı olaraq genişləndirməkdir.

9.Bakı Fond Birjası və “ABB-Invest” ilə əməkdaşlığınız barədə nə deyə bilərsiniz?

Həsən Quliyev: Bakı Fond Birjası və “ABB-Invest” bu prosesdə əsas tərəfdaşlarımız oldu. Onların dəstəyi sayəsində emissiya uğurla həyata keçirildi. Bu əməkdaşlıq kapital bazarında şəffaflıq və etibarlılığın təminatıdır.

10.Son olaraq, əlavə etmək istədiyiniz bir məqam varmı?

Həsən Quliyev: İnanıram ki, Azərbaycanın kapital bazarı daha da inkişaf edəcək və biz Bank of Baku olaraq bu inkişafın önəmli iştirakçılarından biri olacağıq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.