Home » Banklar və Biznes nəşrinin (BBN.az) SİMA məhsulları ilə əlaqədar – Müsahibəsi

Banklar və Biznes nəşrinin (BBN.az) SİMA məhsulları ilə əlaqədar – Müsahibəsi

by ulviyya
0 rəy 60 baxış 5 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Banklar və Biznes nəşrinin (BBN.az) SİMA məhsulları ilə əlaqədar AzInTelecom-un media üzrə məsul şəxsi Amin Nəzərli ilə müsahibəsi:

  • SİMA-nın adına TV, radio, internet məkanında çox tez-tez rast gəlirik. Ümumiyyətlə, SİMA nədir? 

SİMA yeni nəsil rəqəmsal imzadır. Ənənəvi formada desək, gücləndirilmiş elektron imza. “SİMA İmza” fərdlərin və şirkətlərin elektron sənədləri təhlükəsiz və hüquqi cəhətdən etibarlı şəkildə imzalamasına imkan verir. Rəqəmsal imza vətəndaşlar üçün pulsuzdur. “SİMA İmza” sayəsində kağız üzərində imzalama prosesinə ehtiyac qalmır və bu, vaxta və resurslara qənaət etməyə şərait yaradır. SİMA ilə imzalanmış sənədlər xüsusi şifrələmə texnologiyası ilə qorunur və bu, sənədlərin dəyişdirilməsinin və ya saxtalaşdırılmasının qarşısını alır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanmış “SİMA İmza” istənilən vətəndaşımız üçün əlçatandır. Sadəcə “SİMA İmza” tətbiqini yükləyib qeydiyyatdan keçmək kifayətdir.

  • Rəqəmsal imza necə yaradılıb? Onun vətəndaşlar və sahibkarlar üçün hansı üstünlükləri var? 

SİMA yeni nəsil rəqəmsal imza Azərbaycanda elektron xidmətlərin təşviqi çərçivəsində yaradılmış bir məhsuldur. Rəqəmsal imza nazirliyin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən bulud texnologiyası və süni intellektdən istifadə edilməklə hazırlanıb. SİMA-nı xüsusi edən tərəfi kriptoqrafiya və şifrələmə texnologiyalarına əsaslanmasıdır ki, bu da onun təhlükəsizliyini pik həddə çatdırır. İstifadəçilər istənilən an sadəcə mobil cihazları ilə elektron imzanın üstünülkülərindən yararlana bilirlər.

“SİMA İmza” sayəsində vətəndaşlar və sahibkarlar kağız sənədlərlə işləmək məcburiyyətində qalmır. Sənədləri istənilən vaxt, istənilən yerdən rəqəmsal şəkildə imzalaya bilirlər. Bu isə vaxta və xərcə qənaət formalaşdırır. Kağız istifadəsini azaltdığı üçün ekoloji baxımdan da faydalıdır. SİMA Azərbaycanda rəqəmsal transformasiyanın vacib ünsürü olaraq, vətəndaşların və qurumların gündəlik fəaliyyətlərini asanlaşdırır.

  •  Maliyyə qurumları üzrə rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində yeni nəsil rəqəmsal imza – SİMA-nın da rolu danılmazdır. Maliyyə sektorunun əsas aparıcı təşkilatları hesab edilən banklar bu xidmət ilə rəqəmsallaşdırılmış məhsullarının siyahısını genişləndirməkdə davam edirlər. Məlum olduğu kimi bank sektorunda bu məhsula güvənən, həm mənfəətinə, həm də aktivlərinin həcminə görə TOP-3-də yer alan ölkənin aparıcı bankları olub. Yeni məhsul müştərilərin bank xidmətlərinə, məhsullarına daha çevik əlçatanlığı prosesinə necə təsir edib?

SİMA İmza müştərilərin bank xidmətlərinə və məhsullarına daha çevik əlçatanlığını təmin etmək üçün mühüm rol oynayır. Rəqəmsal imza texnologiyası bank sektorunda müxtəlif əməliyyatların və xidmətlərin daha sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirilməsinə imkan verir. Hesab açılması, kredit müraciətləri, əmanət yerləşdirilməsi, debet kart sifarişi və s. kimi mühüm bank əməliyyatları müştərilər filiallara getmədən tamamlayırlar. Bu isə vaxta və resursa qənaət imkanı yaradır. Sənədlərin onlayn imzalanması daha sürətli həyata keçirildiyi üçün bank xidmətlərinin operativliyi artır. “SİMA İmza” ilə həyata keçirilən əməliyyatlar kriptoqrafik şifrələmə ilə qorunur, bu da məlumatların təhlükəsizliyini və əməliyyatların etibarlılığını təmin edir. Bu, həm müştərilərin, həm də bankların məlumatlarının qorunması üçün vacibdir. Çevik və asan istifadə edilə bilən xidmətlər sayəsində müştərilərin məmnuniyyəti artır, bu da banklara uzunmüddətli müştəri loyallığını təmin etməkdə kömək edir.

İmzanın imkanları bank sferasından əlavə yerlərdə mühüm üstünlük yaradır. Məsələn Smart Customs tətbiqinə giriş edib gömrük bəyannamələrinin verilməsi və ya Mygov platformasında daxil olaraq hər hansı elektron arayışın əldə edilməsi və s. kimi bir çox sektorda SİMA-nın üstünlükləri var.

  • Yuxarıdakı sualın davamı olaraq rəqəmsal məhsuldan istifadə edən maliyyə qurumlarınının kredit vermə müddətinin və müştəri itkisinin azaldılması və bankların gəlirlərinə təsiri ilə əlaqədar statistik rəqəmlər mövcuddurmu?

“SİMA İmza” ilə inteqrasiya olunan banklarda aparılan analizlər nəticəsində məlum olub ki, rəqəmsal imza ilə kredit vermə müddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalıb. Banklar “SİMA İmza” ilə xidmətlərini rəqəmsallaşdıraraq müştəri məmnuniyyətini artırmağa, vətəndaşlara daha çevik xidmət göstərməyə və öz gəlirlərini artırmağa nail olurlar.

  •  Vətəndaşlara xidmət sahəsində əsas dövlət qurumlarından hansılarla SİMA-nın əməkdaşlığı var?

SİMA İmza yarandığı gündən bəri tərəfdaş çevrəsini genişləndirməkdədir. Bu gün 100-dən çox qurumla danışıqlar aparılmaqla inteqrasiyalar davam etdirilir. Artıq Elektron Məhkəmə, Smart Customs, Mobil notariat, ƏMAS, Vergi portalı, MyGov, DigitalLogin, Egov kimi kimi mühüm dövlət portallarına SİMA İmza ilə giriş mümkündür. Hansı ki bu portallarda vətəndaşların ən çox istifadə etdiyi dövlət xidmətləri mövcuddur. Gələcəkdə bütün dövlət xidmətlərinin SİMA İmza ilə əlçatan hala gətirilməsini planlaşdırırıq.

  •  Vətəndaşlara xidmət sahəsində aparıcı qurumlardan biri olan – “ASAN Xidmət” ilə əməkdaşlıq gözlənilirmi?

SİMA İmza rəqəmsal məhsul olduğu üçün istənilən sistemə inteqrasiya oluna bilir. Yeni nəsil rəqəmsal imzanın həm dövlət, həm də özəl qurumlarla tərəfdaşlığı və inteqrasiyaları mövcuddur. Dolayı yolla ASAN Xidmətdə təqdim olunan müxtəlif dövlət xidmətlərinə SİMA İmza ilə əlçatanlıq mövcuddur. Bununla belə, ASAN Xidmətlə geniş əməkdaşlıq potensialı müzakirə oluna bilər.

  • Rəqəmsal imzadan danışan zaman məhsulun etibarlılıq məsələsinə də toxunmağınızı istərdik. Rəqəmsal imzada istifadə edilən şəxsi məlumatların qorunması üçün hansı tədbirlər həyata keçirilməkdədir?

 “SİMA İmza”nın etibarlılığının əsas tərəfi onun biometriya əsaslı olmasıdır. Məhsulun sloqanı da zatən belədir: “Sənin siman, sənin imzan”. Sadə dillə desək, sizin simanız sizin imzanıza çevrilir. Hər kəsin siması unikal olduğuna görə, bir şəxsin imzasından özündən başqa heç kim istifadə edə bilmir. Yəni sizin imzanızdan yalnız özünüz istifadə edə bildiyiniz üçün başqası sizin imzanızla sizin adınızdan qanunsuz əməliyyatlar həyata keçirə bilmir. 7/24 fəaliyyət göstərən monitorinq mərkəzi ilə daim SİMA-nın təhlükəsizliyinə nəzarət olunur.

SİMA-da məlumatların qorunması zamanı açıq açar və bulud əsaslı infrastrukturdan istifadə olunur. Təhlükəsizlik tədbirləri və testləri mütəmadi olaraq aparılır. Hər hansı yenilik ictimaiyyətə təqdim olunmamışdan bütün təhlükəsizlik testləri həyata keçirilir. Alqoritmlər təkmilləşdirilir, yeni tendensiyalar öyrənilir və tətbiq olunur ki, vətəndaşların məlumatları yüksək səviyyədə qorunsun.

  • Azərbaycan hökumətinin ölkə sahibkarlarına dəstəyini də nəzərə alaraq, SİMA yaxın gələcəkdə fərdi sahibkarlar, həmçinin vətəndaşlar üçün hansı yeniliklər etmək niyyətindədir?

SİMA İmza yarandığı gündən bəri tərəfdaş çevrəsini genişləndirməkdədir. Bu gün 100-dən çox qurumla danışıqlar aparılmaqla inteqrasiyalar davam etdirilir. Ölkədə elektron imza istifadəçiləri sırasında vergi ödəyicilərinin böyük pay sahibi olduğunu nəzərə alaraq, qarşıda Dövlət Vergi Xidməti ilə olan əməkdaşlığımızı genişləndirmək hədəfləyirik. Bu isə artıq vergi ödəyicilərinin, fərdi sahibkarların bir addım belə atmadan bütün işlərini onlayn qaydada görməsi demək olacaq. Bundan başqa SİMA-nın yeni Videozəng həllinin ölkənin aparıcı bank təşkilatlarında tətbiqinə nail olmaq istəyirik. Bu yolla banklar bütün bank xidmətlərinə məsafədən əlçatanlıq təmin edə bilər.

  • Şübhəsiz ki, rəqəmsal imza texnologiyası sahəsində gələcək tendensiyalar və inkişaf SİMA məhsulunun yaradıcısı – “AzInTelecom” tərəfindən izlənilir, bunlardan bir neçəsinin adını çəkməyinizi istərdik.

Hazırda Azərbaycanda və bölgədə ilk biometriya əsaslı imza məhz Azərbaycanın milli məhsulu olan “SİMA İmza”dır. Gələcəkdə AzInTelecom tərəfindən SİMA-nın imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur. Məsələn, üztanıma ilə yanaşı, səstanıma kimi biometrik metodların da istifadəsini rəqəmsal imza prosesinə inteqrasiya edilməsini araşdırırıq. ki, bu da təhlükəsizlik səviyyəsini yüksəldən amildir. Ən əsası, rəqəmsal imza texnologiyalarının istifadəsini tənzimləyən qanun və qaydalar dünya miqyasında inkişaf edəcək. Bu da fərqli ölkələrdə rəqəmsal imzaların qanuni qüvvəsinin artmasına və qlobal miqyasda qəbul olunmasına şərait yaradacaq.

Sualları cavabladığınız üçün təşəkkür edirik!

Biz də təşəkkür edirik.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.