
Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən gömrük qarantiyalarının, sığorta şirkətləri tərəfindən isə sığorta təminatlarının elektron formada təqdim edilməsi üçün layihə üzərində çalışır.
Bunu AMB-nin Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktor müavini Müşviq Kərimov “Gömrük–Biznes Forumu 2025: Dialoq və Etimad” tədbirində bildirib.
Onun sözlərinə görə, biznes proseslərinin sürətləndirilməsi üçün dövlət qurumlarının inteqrasiyası və vahid ekosistem kimi fəaliyyət göstərməsi əsas prioritetlərdən biridir:
“Bu istiqamətdə Mərkəzi Bank müxtəlif dövlət qurumları, o cümlədən Gömrük Komitəsi ilə mütəmadi görüşlər keçirir. Hazırda həyata keçirdiyimiz birgə layihə bankların gömrük qarantiyalarını və sığorta şirkətlərinin sığorta təminatlarını elektron formatda təqdim etməsini nəzərdə tutur”.
M. Kərimov əlavə edib ki, bankların Vahid Avtomatlaşdırılmış İdarəetmə (VAI) sisteminə inteqrasiyası mərhələli şəkildə davam edir:
“Artıq altı bank tam inteqrasiya olunub. Bu banklar ölkədəki biznes subyektlərinin 80 %-nə xidmət göstərir. Daha üç bank test mərhələsindədir və yaxın zamanda proses yekunlaşdırılacaq. Digər banklarla da inteqrasiyanın sürətləndirilməsi üçün mütəmadi görüşlər keçirilir”.
Onun sözlərinə görə, paralel olaraq bir sığorta şirkəti ilə test prosesi aparılır:
“Test mərhələsi başa çatdıqdan sonra digər sığorta şirkətlərinin də sistemə sürətli qoşulması təmin ediləcək”.





