
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilib. Layihəyə əsasən, bankların iflas proseduru çərçivəsində aktivlərin təqdim edilməsinin əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 5 il uzadılır.
Hazırda qüvvədə olan Vergi Məcəlləsinə görə, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində toksik aktivlərin təqdim edilməsi, eləcə də iflas prosesində aktivlərin satışı 2017-ci il yanvarın 1-dən etibarən 9 il müddətinə ƏDV-dən azaddır. Təklif edilən dəyişikliklə bu müddət 14 ilə yüksəldilir.
Bundan əlavə, problemli aktivləri qəbul edən müvafiq qurumun həmin aktivlər əvəzində əldə etdiyi və balansında saxladığı əmlaka görə əmlak və torpaq vergisindən azadolma müddəti də 2019-cu il yanvarın 1-dən tətbiq olunan 7 ildən 12 ilə qədər uzadılacaq.





