İqtisadi səmərəlilik baxımından üzümçülük və şərabçılığın inkişafı ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyi də davamlı olaraq üzüm sahələrinin inkişafına dəstək göstərir. Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılması da bu istiqamətdə ən böyük dəstəklərdən biridir. Mərkəzin fəaliyyət istiqamətləri respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etmək və yeni sortlar ilə tanış etməkdir.
Son illərdə ölkəmizdə süfrə üzümü istehsalçıları yerli və ənənəvi növlərlə yanaşı yeni, təkmilləşdirilmiş, əsasən tumsuz sortlara üstünlük verirlər. Həmçinin, ölkəmizdə həm süfrə, həmdə texniki sort şərab üzümləri əkilir.
Şamaxı Üzüm Tingçilik Mərkəzinin təşkilatçılığı ilə İsrailin “Grapa Varieties Ltd.” üzüm şirkətinin istehsal etdiyi məhsulların sərgisi keçirilib. Tədbir çərçivəsində şirkətin istehsal etdiyi müxtəlif süfrəlik üzüm sortları nümayiş olunub, eyni zamanda üzüm məhsulları dequstasiya üçün təqdim edilib. Tədbirdə üzümçülük sahəsində fəaliyyət göstərən fermer və şirkət nümayəndələri iştirak edib.
Sözügedən şirkət 33 ölkədə fəaliyyət göstərir və dünya üzrə lisenziyalı 17000 hektar ərazidə təxminən 1000 istehsalçı ilə əməkdaşlıq etməkdədir. Şirkət “ARRA” adlandırılan ağ, qara və qırmızı olmaqla yağışın əks təsirlərinə və həddindən artıq istiyə dözümlü sortlar yetişdirməkdədir.
Tədbirdə fermerlərə tez, orta və gecyetişən sortlar, həmçinin şirkətin Rusiya bazarında olan fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.