Ötən iclasdan bəri xarici fon əsasən qiymət sabitliyinin əsas lövbərini dəstəkləmək istiqamətində dəyişmişdir.
Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə 2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcəkdir ki, bu da öncəki proqnoza nəzərən 0.5 faiz bəndi yüksəkdir. Daha nikbin proqnoz peyvəndləmənin gözlənilən nəticələri və ölkələr tərəfindən əlavə antiböhran tədbirləri ilə izah edilir.
Qlobal iqtisadi aktivliyin OPEC++ razılaşması şəraitində bərpası neft bazarında tələbi dəstəkləyir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 62 ABŞ dollarını üstələmişdir. Beynəlxalq təşkilatların yenilənmiş proqnozlarına görə ilin qalan dövründə neft qiymətləri cari səviyyəyə yaxın olacaqdır.
Son meyillərin davam etməsi halında 2021-ci ilin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır.
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi inflyasiyaya artırıcı təsir göstərməkdədir. Dünya ərzaq qiymətləri martda 2.1%, son 12 ayda isə 24.6% yüksəlmişdir.