
Beynəlxalq Hesablaşmalar Bankının (Bank for International Settlements – BIS) baş direktoru Pablo Hernández de Cos hesab edir ki, stablecoin-lər hazırkı formada genişmiqyaslı gündəlik ödənişlər üçün etibarlı pul vasitəsi hesab edilə bilməz.
Jackson Hole İqtisadi Siyasət Simpoziumunda çıxış edən BIS rəhbəri stablecoin-lərlə bağlı əsas problemlər sırasında müxtəlif tokenlər arasında tam uyğunluğun olmamasını, nominal dəyərdən kənarlaşma riskini, çirkli pulların yuyulmasına qarşı nəzarətin çətinliyini və monetar suverenlik risklərini göstərib.
BIS daha perspektivli model kimi tokenləşdirilmiş bank depozitlərini göstərir. Bunlar mahiyyət etibarilə kommersiya bankındakı adi depozitlərin proqramlaşdırıla bilən rəqəmsal platformada token formasında təqdim edilməsidir.
Əsas fərq ondan ibarətdir ki, stablecoin özəl emitentin buraxdığı ayrıca rəqəmsal aktiv olduğu halda, tokenləşdirilmiş depozit bankın müştəri qarşısındakı mövcud öhdəliyinin yeni texnoloji formada təqdim edilməsidir. Banklararası hesablaşma isə yenə də mərkəzi bank puluna əsaslana bilər.
BIS-in yanaşmasına görə, gündəlik pərakəndə ödənişlərin və iri məbləğli hesablaşmaların əsas hissəsi tokenləşdirilmiş depozitlər üzərindən həyata keçirilə, stablecoin-lər isə mərkəzləşdirilməmiş maliyyə kimi daha spesifik sahələrdə istifadə oluna bilər.
Beləliklə, BIS blokçeyn və tokenləşdirmənin inkişafına qarşı çıxmır. Əksinə, təşkilat bu texnologiyaların mövcud “mərkəzi bank pulu + kommersiya banklarının depozitləri” modelinə inteqrasiyasını daha dayanıqlı gələcək pul sistemi hesab edir.
Mənbə: BIS / Reuters





