Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Koronavirus pandemiyasının bütün dünyada tüğyan etməsi onlayn bankçılıq tranzaksiyaları ilə yanaşı, blokçeyn əsaslı kripto ödənişlərin də artmasına səbəb olub. Bu isə öz növbəsində kriptovalyutalara olan tələbatın yüksəlməsi ilə nəticələnib. Pandemiya dövründə istehlakçıların yaşadıqları yerləri daha az tərk etməsi və uzaq məsafələrə getməkdən çəkinməsi səbəbindən şirkətlər kriptovalyuta ATM-lərinin sayını sürətlə artırmaqda davam edirlər. Bu isə, öz növbəsində çirkli pulların yuyulması və digər komplayns məsələləri ilə bağlı təhlükələr yarada bilər.
Böyük Britaniyanın maliyyə bazarları tənzimləyicisi (Financial Conduct Authority, FCA) bu təhlükələr səbəbindən ölkənin kriptovalyuta bazarına kəskin təsir göstərə biləcək qərar qəbul edib. Qurum ölkədə fəaliyyət göstərən kriptovalyuta bankomatlarının qeyri-qanuni fəaliyyət göstərdiyini və qısa zamanda istifadədən çıxarılacağını bildirib. Son altı ayda kriptovalyutalarla bağlı 300-dən çox “fraud” hallarına rast gəldiklərini bildirən FCA rəsmisi, bankomatların yalnız qanunvericilik formalaşdırıldıqdan sonra bazara qayda biləcəklərini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, hazırda dünyada mövcud olan 36 min 392 kripto bankomatın böyük əksəriyyəti (88.1%) ABŞ ərazisində yerləşir. Böyük Britaniyada isə ümumilikdə 41 kripto bankomat fəaliyyət göstərir.