
BBC-nin məlumatına görə, Beynəlxalq Valyuta Fondu (BVF) Böyük Britaniya iqtisadiyyatına dair yeni proqnozlarını açıqlayıb. Fondun qiymətləndirməsinə əsasən, Böyük Britaniya 2025-ci ildə G7 ölkələri arasında ABŞ-dan sonra ən sürətlə böyüyən iqtisadiyyata çevriləcək.
BVF proqnozlaşdırır ki, Böyük Britaniya iqtisadi artım tempi 2025 və 2026-cı illərdə 1,3 faiz təşkil edəcək. Bu göstərici ABŞ-dan sonra ən yüksək nəticə sayılır və Britaniyanın Kanadanı geridə qoyaraq ikinci yeri tutacağı bildirilir.
Lakin fond eyni zamanda inflyasiyanın yüksək səviyyədə qalacağı barədə xəbərdarlıq edir. BVF-yə görə, artan enerji və kommunal xərclər qiymət artımlarını şərtləndirir. İnflyasiya 2025-ci ildə 3,4 faiz, 2026-cı ildə isə 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.
BVF hesab edir ki, bu artım müvəqqəti xarakter daşıyır və gələn ilin sonuna qədər qiymət artımı 2 faizə qədər enəcək.
Digər G7 ölkələri üçün proqnozlara əsasən, Almaniya, Fransa və İtaliya kimi iqtisadiyyatlarda artım templəri zəif qalacaq — 0,2 faizlə 0,9 faiz arasında dəyişəcək. Kanada isə ticarət müharibələrinin təsiri ilə zəifləyərək mövqeyini itirəcək.







