
Çin hakimiyyəti fevral ayında da əsas kredit faiz dərəcələrini (LPR) dəyişməyərək əvvəlki səviyyədə saxlayıb. Bununla da ölkə ardıcıl doqquzuncu ay kredit faizlərinə toxunmayıb.
BBN.az xəbər verir ki, analitiklərin fikrincə, fevral ayı üzrə faiz dərəcələrinin sabit saxlanılması hökumətin yaxın dövrdə əlavə monetar yumşalmaya tələsmədiyini göstərir. Bu mövqe ötən ay müəyyən sektorları hədəfləyən faiz endirimlərindən sonra formalaşıb. Mütəxəssislər hesab edirlər ki, 2026-cı ilin birinci rübündə əsas faiz dərəcələrinin azaldılması üçün imkanlar məhduddur.
Məlumata görə, Çin 2025-ci il üçün müəyyən etdiyi təxminən 5 faiz iqtisadi artım hədəfinə ixracın artımı hesabına nail olub. Bununla belə, iqtisadiyyatda mövcud struktur balanssızlıqları, ticarət gərginlikləri və artan geosiyasi qeyri-müəyyənliklər gələcək perspektivlərə təsir göstərir.
Reuters-in proqnozuna əsasən, Çində iqtisadi artım tempinin 2026-cı ildə 4,5 faizə qədər zəifləyəcəyi gözlənilir.





