Çin Mərkəzi Bankı ölkənin maliyyə sisteminin dayanıqlılığının artırılması məqsədilə bazara likvid vəsait inyeksiyasını həyata keçirib. Belə ki, Çinin ən böyük holdinqlərindən olan “Evergrande Group”-da yaranan borc krizisinin nəticəsində Çinin bank sektorunda durğunluq yaranıb və Şanxay birjasında CSI 300 indeksinin göstəricisində 2%-lik geriləmə yaşanıb.
Çin Mərkəzi Bankı tərəfindən 120 milyard yuan (25.6 milyard dollar) məbləğində inyeksiya həyata keçirilib. Əks-repo əməliyyatları vasitəsilə həyata keçirilən bu əməliyyatlar nəticəsində maliyyə sektoru ümumilikdə 90 milyon yuan həcmində net inyeksiya əldə edib.
Məlumat üçün qeyd edək ki, bu Çin Mərkəzi Bankının maliyyə bazarına ilk müdaxiləsi deyil. Belə ki, ötən ilin mart ayında sözügedən qurum tərəfindən koronavirus səbəbindən bazarlarda müşahidə olunan volatilliyi aradan qaldırmaq, biznes kreditlərinin həcminin artırılmasını təşviq etmək və epidemiyanın təsirini normallaşdırmaq məqsədilə maliyyə sektoruna 550 milyard yuan (78 milyard dollar) məbləğində maliyyə vəsaiti buraxılışı həyata keçirilib.