
1 yanvardan etibarən Çinin rəqəmsal yuanının (e-CNY) sahibləri öz vəsaitləri üzrə faiz gəliri əldə etməyə başlayacaqlar. Bununla da e-CNY dünyada faiz gəliri gətirən ilk mərkəzi bank rəqəmsal valyutası olacaq.
Bu barədə Çin dövlət televiziyası CCTV məlumat yayıb. Bildirilib ki, sözügedən addım ölkədə rəqəmsal valyutanın istifadəsinin genişləndirilməsinə xidmət edir və bu proses “rəqəmsal puldan” “rəqəmsal depozitlərə” keçid kimi qiymətləndirilir.
CCTV-nin məlumatına görə, faiz mexanizminin tətbiqi istifadəçilərin rəqəmsal yuana marağını artıracaq, onun tətbiq dairəsini genişləndirəcək və Çinin mərkəzi bankların rəqəmsal valyutaları sahəsində qlobal lider mövqeyini daha da gücləndirəcək.
Hazırda rəqəmsal yuanın istifadəsi əsasən dövlət qurumları və şirkətlərlə məhdudlaşır. Çində geniş yayılmış “Alipay” və “WeChat Pay” platformaları vasitəsilə aparılan əməliyyatların böyük hissəsi hələlik e-CNY-dən istifadə edilmədən həyata keçirilir.
Qeyd edək ki, Çin Xalq Bankı ötən ay kriptovalyutalara qarşı sərt mövqeyini bir daha bəyan edib və steyblkoinlər ətrafında qeyri-qanuni fəaliyyətlə mübarizəni gücləndirmək niyyətində olduğunu açıqlayıb. Bununla yanaşı, tənzimləyici qurum öz rəqəmsal valyutasının təşviqi istiqamətində tədbirləri intensivləşdirir.
Bu məqsədlə Çin Xalq Bankı rəqəmsal yuanın beynəlxalq istifadəsini təşviq etmək üçün Şanxayda qlobal əməliyyat mərkəzi yaradıb. Eyni zamanda, daha çox kommersiya bankının e-CNY ilə işləməsinin dəstəklənməsi planlaşdırılır.
Daha əvvəl Çin Xalq Bankı ilə əlaqəli “Financial News” nəşri mərkəzi bankın rəqəmsal yuanın idarə olunmasına dair strategiyanı açıqlamağa hazırlaşdığı barədə məlumat yayıb. Nəşrin yazdığına görə, 1 yanvardan etibarən rəqəmsal yuanın ölçülməsi, idarə edilməsi, fəaliyyəti və ekosistemini tənzimləyən yeni sistem qüvvəyə minəcək.




