Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlimlərin 3-cü dalğası üçün seçim prosesi başa çatıb.
Təlimlərə müraciət 25 noyabrdan start götürüb və bu dövr ərzində qeydiyyatdan keçən 1907 namizəddən 227-si seçilərək imtahan mərhələsinə vəsiqə qazanıb. Bu mərhələni uğurla keçərək müsahibəyə cəlb olunan 107 namizəddən ən yüksək göstəricilərə sahib 60 nəfər mərkəzdə tam təqaüdlü təhsil hüququ əldə edib.
Qeyd edək ki, 3-cü təlim dalğası üzrə dərslər 22 yanvar 2024-cü ildən etibarən başlayacaq. Proqrama qəbul olunanlara israilli müəllimlər tərəfindən “Technion”un təlim proqramına əsasən dərslər keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində həftəiçi saat 09:00-dan 18:00-a qədər davam edəcək.
Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) olmaqla 2 qrup üzrə mütəxəssislər hazırlanacaq. Komandalar tədris müddətində yarışlar (CTF) və hakatonlarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “Technion”un birgə rəsmi sertifikatı təqdim olunacaq.