
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 263-a çatıb.
“Startap” şəhadətnamələri “İmza İdea Lab” MMC-nin süni intellekt əsaslı hədiyyə axtarışı və satışı platforması, “Baysart” MMC-nin qızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, “NM Soft” MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi, “SALAMXPERT” MMC-nin süni intellekt əsaslı müəssisə resursları planlaşdırılması platforması, “AL Digital” MMC-nin qızıl və zərgərlik məhsulları üçün onlayn marketpleys, “TTC Service” MMC-nin “VmV App” brendi altında VPN servis xidməti, “Narchin” MMC-nin rəqəmsal yük daşıma platforması, “RR Company” MMC-nin onlayn hüquq xidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi




