Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 44 günlük Vətən müharibəsinin daha bir qrup veteranını “Məşğulluğa dəstək layihəsi” çərçivəsində aktivlərlə təmin edib.
Şamaxı, İsmayıllı, Ağsu, İmişli, Sabirabad və Saatlı rayonlarında yaşayan həmin şəxslərə seçdikləri fəaliyyət istiqamətləri üzrə lazımi avadanılıqlar verilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
Dünya Bankı ilə əməkdaşlıqda icra edilən, özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan “Məşğulluğa dəstək layihəsi” üzrə bu gün ümumilikdə 40-dək şəxs aktivlər alaraq öz kiçik təsərrüfatlarını qurub.
Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.