
18 sentyabr 2025-ci il Deutsche Bank beynəlxalq səviyyədə yeni yaradılması planlaşdırılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı (DSRB) təşəbbüsünü dəstəklədiyini bəyan edib.
BBN.az xəbər verir ki, bankın yaydığı açıqlamada qeyd olunub ki, Avropa İttifaqı, Almaniya hökuməti, Böyük Britaniya və digər tərəfdaşların müdafiə dayanıqlılığını artırmaq səylərinə Deutsche Bank dəstək verməyə davam edir.
DSRB layihəsi keçmiş NATO müşavirləri, eks-hərbi rəhbərlər və bank sektoru nümayəndələri tərəfindən irəli sürülüb. Məqsəd, AAA reytinqinə malik beynəlxalq bir maliyyə qurumu yaradaraq, 137 milyard ABŞ dolları həcmində vəsait cəlb etmək və bu vəsaiti müdafiə sahəsinə ehtiyacı olan ölkələrə yönəltməkdir.
Layihəyə dəstək verən banklar arasında JPMorgan, Commerzbank və ING də yer alır. Məlumata görə, ING startap krediti təqdim edib, digər banklar isə texniki dəstək göstərirlər. Lakin Deutsche Bank dəstəyinin konkret formasını açıqlamayıb.
DSRB-nin təşəbbüs qrupu bu ayın əvvəlində Londonda 35 ölkənin iştirakı ilə toplantı keçirib. Tədbirdə NATO və Aİ ölkələri ilə yanaşı, İndo-Sakit okean regionu və G7 ölkələri də təmsil olunub. Britaniya hökumətinin isə layihəyə ilkin mərhələdə dəstək verməyəcəyi bildirilib.
Qeyd: Hal-hazırda layihənin dövlət səviyyəsində maliyyələşməsi ilə bağlı rəsmi razılaşma əldə edilməyib.





