Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları sahəsində proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Bu, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Bildirilib ki, Prezidentin 25 avqust 2025-ci il tarixli “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması müəyyənləşdirilib. Sistem büdcə, vergi, gömrük, dövlət rüsumları, dövlət müəssisələrinin dividendləri, audit, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, xəzinədarlıq, dövlət borcu və maliyyə öhdəliklərinin idarə edilməsini əhatə edəcək.
Fərmana əsasən, dövlət orqanları, büdcə vəsaiti alan qurumlar və dövlətə məxsus hüquqi şəxslər arasında maliyyə sənədlərinin elektron mübadiləsi təmin olunacaq. Həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınması elektron müqavilələr əsasında həyata keçiriləcək.
“Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, dövlət büdcəsi və icmal büdcə göstəricilərinin hazırlanması və təqdim olunması “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu isə sənəd dövriyyəsinin elektronlaşdırılmasına, inzibatçılığın azaldılmasına və büdcə prosesinin çevikliyinin artırılmasına xidmət edəcək.
“Mühasibat uçotu haqqında” qanunda isə “e-mühasibat” informasiya sistemi anlayışının yeni sistemlə əvəz olunması təklif edilir. Nəticədə mühasibat uçotunun aparılması, eləcə də maliyyə və birləşdirilmiş maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi birbaşa yeni informasiya sistemi üzərindən həyata keçiriləcək.
“Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, satınalma müqavilələri elektron qaydada – “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq. Eyni zamanda aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyənləşdirilməsi və məlumatların portala ötürülməsi kimi proseslər də sistem üzərindən tənzimlənəcək.





