
2025-ci ildə dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 609,7 milyon manat məbləğində maliyyə pozuntuları, artıq və əsassız ödənişlər və digər nöqsanlar aşkar edilib.
Xəbər verir ki, bu barədə Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda qeyd olunub.
Hesabata əsasən, Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 32,1 milyon manat artıq xərclənmiş vəsaitin qarşısı alınıb, 53,4 milyon manatın isə dövlət büdcəsinə bərpası təmin edilib.
Yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verildiyinə görə 27 vəzifəli şəxs barəsində inzibati cərimələr tətbiq olunub və həmin vəsaitlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, aşkar edilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədilə aidiyyəti qurumların tabe olduqları mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq müraciətlər göndərilib.




