
Azərbaycanda dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti islahat həyata keçirilir.
Milli Məclisin qəbul etdiyi “Dövlət qulluğu haqqında” Qanuna və digər qanunvericilik aktlarına edilən dəyişikliklərə əsasən, dövlət qulluqçuları üçün nəzərdə tutulan mükafatlandırma mexanizmi ləğv edilir.
Yeni yanaşmaya görə, dövlət büdcəsi hesabına ödənilən bütün mükafatlar – həm kollektiv, həm də fərdi təşviq ödənişləri tamamilə aradan qaldırılır. Bununla da, dövlət qulluqçularına fəaliyyətlərinə görə verilən əlavə mükafatlar artıq tətbiq olunmayacaq.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən, dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsindən əlavə vəsait ayrılırdı. Bu vəsaitin həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilir, əsasən bayram günləri münasibətilə kollektiv, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.
Aparılan dəyişikliklər nəticəsində əməkhaqqı sisteminin daha vahid və şəffaf olması, eləcə də dövlət qulluqçularının gəlirlərinin daha sabit və proqnozlaşdırıla bilən maaş üzərində formalaşması hədəflənir.




