Fond 2022–2023-cü illərdə 16 beynəlxalq mükafatla təltif edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq mükafata layiq görülüb.
Bu dəfə DSMF Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “IDDA Awards 2023” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Xarici ekspertlərin də münsiflər qismində qatıldığı müsabiqədə DSMF əvvəlcə ilk beşliyə, daha sonra ilk üçlüyə (finala) yüksələrək, müsabiqənin “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə qalibi seçilib.
“InMerge Innovation Summit” çərçivəsində Bakı Konqres Mərkəzində keçirilmiş təltifetmə mərasimində müsabiqənin ali mükafatı DSMF-yə təqdim edilib.
Tədbirdə ekosistemin ən perspektivli innovatorlarının tanıdılması və fəaliyyətlərində onlara dəstək göstərilməsi, eləcə də ölkədə innovasiyaların inkişafında fəal iştirak edən qurumlar arasında rəqabət mühitinin yaradılması və bu sahəyə olan marağın artırılması məsələləri müzakirə edilib. Sosial təminat sistemlərinin təkmilləşdirilməsi və bu sahədə yeni texnologiyaların tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Beləliklə, Dövlət Sosial Müdafiə Fondu 2022–2023-cü illərdə ümumilikdə 16 (o cümlədən bu il 11) beynəlxalq mükafatla təltif edilib.
Həmçinin DSMF son 3 ildə 5 beynəlxalq ISO sertifikatı ilə də təltif olunaraq, fəaliyyətini hazırda həmin standartlara uyğun həyata keçirir.