0
Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) 21 yanvar tarixində öz işinə başlayıb. 24 yanvar tarixinə qədər davam edəcək bu forumda 117 fərqli ölkədən 3000-ə yaxın nümayəndə iştirak edir. Maliyyə və bankçılıq sektorunun Bank of America, BlackRock, Citi, Goldman Sachs, HSBC, Barclays, Bridgewater Associates, JPMorgan Chase, Lazard, Sberbank, Paypal kimi bir sıra digər qabaqcıl qurumlarının nümayəndələrinin iştirak etdiyi forumda müzakirələr əsas beş mövzu ətrafında cərəyan edir:
- ABŞ-Çin ticarət müharibəsində əldə edilən müvəqqəti “atəşkəs” nəticəsində ABŞ prezidenti Donald Trampın diqqəti Avropa Birliyi ilə ticarətə yönəltməsi gözlənilir. Bir müddətdir ki, “Boeing”-“Airbus”, polad və aliminum tarifləri şəklində özünü təcəssüm etdirən bu konfliktlərin yenidən gündəmə gəlməsi ehtimal edilir.
- Bir neçə ildir ki, iqtisadi gücündən daha çox “Brexit” tendensiyası ilə gündəmə gələn Böyük Britaniya qlobal iqtisadiyyatda öz gücünü təsdiqləmək üçün yeni plan cızır.
- İsveçli aktivist Qreta Tanberqin çıxışı ilə gündəmi zəbt edən qlobal istiləşmənin nəzarətə alınması və 2050-ci ilədək hava buraxılan karbon qazı həcminin minimuma endirilməsi ilə bağlı müzakirələr aparılır.
- Texnologiya sektoru ilə bağlı əsas müzakirələr istifadəçi məlumatlarından istifadə çərçivəsi ilə bağlı aparılır. 5G texnologiyasının yayılması da müzakirə obyektlərindəndir.
- 2019-cu ildə bir sıra beynəlxalq maliyyə təşkilatlarının borc dərəcələrində endirimə getməsi və beləliklə hökumətlərin maliyyə vəsaitlərinə çıxışının asanlaşmasından yola çıxaraq forumda hökumətləri dövlət xərclərini artırmağa və genişləndirici fiskal siyəsətə keçid etməyə səsləyən bir sıra çıxışlara yer verilib.