Home » Dünyada 3–4%, Azərbaycanda 13–14%: Bank faizlərinin ağırlığı – iqtisadçı açıqlayır

Dünyada 3–4%, Azərbaycanda 13–14%: Bank faizlərinin ağırlığı – iqtisadçı açıqlayır

by Zeyneb
0 comments 0 views 2 minutes read

Azərbaycanda bank kreditləri üzrə yüksək faiz dərəcələri uzun illərdir həm vətəndaşlar, həm də sahibkarlar üçün əsas problemlərdən biri olaraq qalır. Bir çox ölkələrdə illik kredit faizləri 3–4% civarında olduğu halda, Azərbaycanda bu göstərici orta hesabla 13–14% təşkil edir. Nəticədə kreditlər baha başa gəlir, iqtisadi aktivlik zəifləyir, kiçik və orta sahibkarlığın investisiya imkanları məhdudlaşır, vətəndaşların isə borc yükü artır.

Yüksək faizlər xüsusilə kiçik və orta biznes subyektlərinin bank kreditlərinə çıxışını çətinləşdirir. Fərdi istehlakçılar isə mənzil, avtomobil və digər uzunmüddətli kreditlərdən istifadə etməkdə çətinlik çəkirlər. Digər tərəfdən, bankların əmanət faizləri nisbətən yüksək olsa da, inflyasiya və əlavə xərclər fonunda əmanətçilər real gəlir əldə etməkdə çətinlik yaşayırlar. Bu vəziyyət maliyyə sistemində mövcud struktur problemləri və iqtisadi siyasətin vətəndaş və sahibkar maraqlarına uyğunluğu ilə bağlı suallar yaradır.

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov BiG.AZ-a açıqlamasında bildirib ki, Azərbaycanın maliyyə sistemində həm sovet dövründən qalma, həm də müstəqilliyin ilk illərində formalaşmış müəyyən boşluqlar mövcud olub:

“10–15 il əvvəl vətəndaşlar öz şəffaf gəlirlərini sübut etməkdə ciddi çətinlik çəkirdilər. Bu da banklardan kredit götürməyi demək olar ki, mümkünsüz edirdi. Hazırda vəziyyət nisbətən yaxşılaşsa da, problem tam aradan qalxmayıb”.

İqtisadçının sözlərinə görə, bank kredit verərkən əsasən müştərinin ödəmə qabiliyyətini və risklərini qiymətləndirir:
“Ödəmə qabiliyyəti rəsmi gəlirlərə əsasən hesablanır. Bir çox hallarda müştərinin real gəliri olsa da, onu sənədlərlə təsdiq edə bilmir. Son illərdə bu sahədə müəyyən yumşalmalar var. Hətta ötən il qanunvericiliyə edilən dəyişikliklərə əsasən, sosial şəbəkələr üzərindən də qiymətləndirmə aparılır. Yəni vətəndaş rəsmi gəlir göstərməsə belə, hansısa layihənin icraçısı və ya rəhbəri olduğu nəzərə alına bilər”.

Asif İbrahimov qeyd edib ki, kredit faizlərinə təsir edən əsas amillərdən biri də inflyasiya və risk göstəriciləridir:
“İnflyasiya əmsalı, proqnozlaşdırılan inflyasiya səviyyəsi və müştərinin ödəmə riski faizlərin formalaşmasında əsas rol oynayır. Risk yüksək olduqda bank özünü sığortalamaq üçün faiz dərəcəsini artırır”.

Ekspert əlavə edib ki, yüksək faizlərin səbəblərindən biri də Azərbaycan Mərkəzi Bankı-nın banklara təqdim etdiyi maliyyə resurslarının ucuz olmamasıdır:
“Mərkəzi Bankın uçot dərəcələri yüksəkdir və bu da birbaşa kredit faizlərinə təsir edir. Avropa ölkələrində uçot dərəcələri aşağı olduğu üçün bank kreditləri də 2–3% civarındadır. Azərbaycanda isə bu göstərici 13–15% arasında dəyişir”.

Onun sözlərinə görə, bankların kredit üçün istifadə etdiyi vəsaitlərin böyük hissəsi əmanətçilərdən cəlb olunur:
“Əgər bank əmanətçilərə 10–12% faiz ödəyirsə, kreditləri bundan aşağı faizlə verə bilməz. Bank həm əmanətçilərin faizini ödəməli, həm öz xərclərini qarşılmalı, həm də mənfəət əldə edərək maliyyə dayanıqlığını qorumalıdır. Bu da kredit faizlərinin yüksək olmasına gətirib çıxarır”.

İqtisadçı vurğulayıb ki, kredit faizlərini aşağı salmaq mümkündür və bunun üçün müvafiq mexanizmlər üzərində ciddi şəkildə işlənilməlidir. Bu, həm iqtisadi aktivliyin artmasına, həm də vətəndaş və sahibkarların maliyyə yükünün azalmasına müsbət təsir göstərə bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.