
Regionlararası bərabərsizlik müasir iqtisadi sistemlərin qarşılaşdığı əsas struktur problemlərdən biridir və bu fenomen iqtisadi, sosial və coğrafi amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır.
BBN.az SİA-ya istinadən xəbər verir ki, bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, problemin əsas mənbələrindən biri iqtisadi fəaliyyətin əsasən iri şəhərlərdə, xüsusilə paytaxt və sənaye mərkəzlərində cəmləşməsidir. Nəticədə investisiyalar, istehsal gücləri və məşğulluq imkanları regionlar üzrə qeyri-bərabər paylanır ki, bu da əhalinin gəlir səviyyəsində ciddi fərqlərin yaranmasına səbəb olur.
Ekspert qeyd edib ki, regionlarda sosial xidmətlərin – təhsil və səhiyyənin keyfiyyətinin aşağı olması, infrastrukturun zəif inkişafı bu fərqləri daha da dərinləşdirir. Coğrafi amillər, təbii resursların qeyri-bərabər bölgüsü və əhalinin seyrək yerləşməsi də regional iqtisadi aktivliyin məhdudlaşmasına təsir göstərən mühüm faktorlar sırasındadır.
Akif Nəsirlinin sözlərinə görə, dövlət regionlararası inkişaf fərqlərinin azaldılması məqsədilə müxtəlif iqtisadi və sosial mexanizmlər tətbiq edir. Bu çərçivədə regionlara investisiyaların yönəldilməsi, sənaye zonalarının və aqroparkların yaradılması, vergi güzəştləri və subsidiya mexanizmlərinin tətbiqi həyata keçirilir. Paralel olaraq, infrastruktur layihələri vasitəsilə nəqliyyat, kommunikasiya, enerji və internet şəbəkələrinin inkişafı təmin olunur.
Sosial siyasət istiqamətində isə təhsil və səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatının dəstəklənməsi prioritet kimi müəyyənləşdirilib. Bu tədbirlərin əsas məqsədi regionlarda dayanıqlı məşğulluğun təmin edilməsi, əhalinin gəlir səviyyəsinin artırılması və sosial xidmətlərdə bərabərliyin yaradılması yolu ilə daxili miqrasiyanın qarşısının alınmasıdır.
Bununla belə, ekspert vurğulayıb ki, görülən tədbirlərə baxmayaraq, regionlararası iqtisadi və sosial disbalans hələ də qalmaqdadır. Kənddən şəhərə miqrasiya davam edir və bu, regionlarda iş imkanlarının və gəlir səviyyəsinin paytaxtla müqayisədə əhəmiyyətli dərəcədə aşağı olması ilə izah olunur.
Onun fikrincə, mövcud vəziyyət regionların inkişafı üçün daha kompleks, uzunmüddətli və hədəfli siyasətlərin formalaşdırılmasını, yerli potensialdan səmərəli istifadəni və regional spesifiklikləri nəzərə alan strategiyaların hazırlanmasını zəruri edir.





