“Adware” cihazınızda arzuolunmaz reklamları göstərən proqram növüdür. Bəs bu nə edir? Bu proqram təminatı reklamları “pop-up”, banner və ya digər proqramlar daxilində quraşdırılmış reklamlar kimi müxtəlif formalarda göstərir. Hətta məqsədli reklamları göstərmək üçün internet fəaliyyətinizi və onlayn davranışlarınızı da izləyə bilər.
BBN.az xəbər verir ki, bu haqda Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Necə quraşdırılır?
Əksər hallarda “Adware” ödənişsiz proqram təminatı ilə yüklənir. Zərərli veb-saytlardan reklama və ya şübhəli keçidlərə klikləməklə də yüklənə bilər.
“Adware”in daşıdığı risklərdən ən önəmlisi isə o, əldə olunan məlumatları üçüncü tərəfə ötürə, üstəlik, cihazınıza zərər verəcək proqramları da ehtiva edə bilər.
Təhlükəsizliyinizi təmin etmək üçün proqramları yalnız etibarlı mənbələrdən, rəsmi mağazalardan yükləyin və mənbənin etibarlı olub-olmadığına diqqət yetirin. Proqram təminatını quraşdırarkən ehtiyatlı olun və quraşdırma prosesi zamanı tələb etdiyi icazələri nəzərdən keçirin. Zərərli proqramlardan qorunmaq üçün antivirusdan, uyğunsuz reklamların qarşısını almaq üçün isə reklam blokerindən istifadə edə bilərsiniz.