KOBİA-nın “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” layihəsi çərçivəsində 30-a yaxın əlilliyi olan şəxs üçün sosial ünsiyyət bacarıqları, psixoloji dayanıqlıq, sosial mediadan istifadə və natiqlik bacarıqları ilə bağlı təlimlər təşkil edilib.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin olunmasında onların sahibkarlıq fəaliyyətinə və özünüməşğulluq proqramlarına cəlb olunması əhəmiyyətlidir. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əlilliyi olan şəxslər arasında sahibkarlıq fəaliyyəti təşviq edilir, onların biznesə başlamasına və sahibkarlıq fəaliyyətlərinin inkişafına müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində dəstək göstərilir, biznesyönümlü təlim və məsləhət xidmətləri, əlaqələndirmə, məhsullarının tanıdılması və satışına dəstək təmin edilir.
Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq KOBİA tərəfindən 2023-cü ilin oktyabr ayında “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” layihəsinə start verilib. Layihə çərçivəsində biznes fəaliyyəti ilə məşğul olan və ya başlamağı planlaşdıran 30-a yaxın əlilliyi olan şəxsin təqdimat bacarığı və natiqlik imkanlarının artırılması üçün 4 istiqamət üzrə (sosial ünsiyyət bacarıqları, sosial mediadan istifadə, psixoloji dayanıqlıq və natiqlik) peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilib. Həmçinin, əliliyi olan sahibkarların, dövlət və özəl təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masa və seminarlar təşkil olunub.
Dekabrın 5-də layihə çərçivəsində “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” mövzusunda forum təşkil olunub. KOBİA, Dövlət Məşğulluq Agentliyi və digər müvafiq dövlət qurumlarının, özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların məşğulluq imkanlarının artırılması məqsədilə həyata keçirilən layihələr, o cümlədən “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” layihəsi barədə məlumat verilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində layihədən yararlanmış sahibkarlara sertifikatlar təqdim olunub.