Mart ayında baş verən bir qədər tənəzzülə baxmayaraq, ölkədə iqtisadi aktivlik davam edib.
Bu sözləri Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
O qeyd edib ki, birinci rübün sonunda bütövlükdə dünya bazarlarında baş verən hadisələr ölkəmizdən də yan keçməyib. Mart ayında baş verən bir qədər tənəzzülə baxmayaraq, ölkədə iqtisadi aktivlik davam edib. İnflyasiya bir qədər artsa da, bu, onunla əlaqədardır ki, karantin şəraitində insanların istehlak fəallığı bir qədər artdı, onlar müəyyən ehtiyatlar yaratdı. İnflyasiya bir qədər artsa da, bizim rəsmi proqnozlardan, təxminən 4,6 faizlik proqnozdan hələ aşağıdır. İxrac gəlirlərimizin, xüsusilə neft ixrac gəlirlərinin bir qədər azalmasına baxmayaraq, bütövlükdə ticarət balansımız profisitlidir və qeyri-neft ixracı birinci rüb ərzində artıb. Bizi əhatə edən qonşu ölkələrdə, bizim ticarət tərəfdaşımız olan ölkələrdə milli valyutanın məzənnələrində dalğalanmalara baxmayaraq, manatın məzənnəsi rüb ərzində sabit qalıb.
E.Rüstəmov bildirib ki, rüb ərzində kredit qoyuluşları 2,2 faiz artıb. Lakin bu zaman biznes kreditləri daha yüksək templə – 3,7 faiz, ipoteka kreditləri 4,2 faiz artıb və o cümlədən istehlak kreditləri rüb ərzində 1,9 faiz azalıb. Dollarlaşma fiziki şəxslər üzrə 2,8 faiz, hüquqi şəxslər üzrə 1,4 faiz yüksəlib. Yaranmış qeyri-adi situasiyada ödəniş sistemləri aktiv fəaliyyət göstərir, bütövlükdə rüb ərzində ödəniş sistemində qeyri-nağd ödənişlər 3,6 faiz artıb, amma bütünlükdə nağdsiz kart ödənişləri 36 faiz artıb. Bu da onu göstərir ki, yaranmış indiki situasiyada əhali daha çox təmassız elektron ödənişlərə və elektron ticarətə üstünlük verir. Sığorta bazarında da yaxşı start götürülüb. Rüb ərzində sığorta ödənişləri 19 faiz artıb.
AZERTAC